Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa Kubokunun 1/16 final mərhələsində “Motor Lublin”ə qalib gəlib. Çenstoxova təmsilçisi səfər matçının əsas və əlavə vaxtını 1:1 hesabı ilə başa vurub, penaltilər seriyasında isə 3:1 üstün olub.
Start heyətində yer alan Emreli 82-ci dəqiqədə Adam Basse ilə əvəzlənib. İlk hissədə qol qeydə alınmayıb.
Matçın gedişi
51-ci dəqiqədə “Rakuv”un qapıçısı Katser Trelovski Karol Çubaka qarşı qayda pozuntusuna yol verib və hakim meydan sahiblərinin xeyrinə penalti təyin edib. Mbaye Ndiaye 11 metrlik zərbəni dəqiq yerinə yetirərək “Motor Lublin”i önə keçirib.
Meydan sahibləri üstünlüyü artırmaq üçün imkanlar yaradıblar. Bartos Bereşinskinin və Karol Çubakın zərbələrindən sonra top qapı dirəyinə dəyib.
90+2-ci dəqiqədə Bereşinski ikinci sarı vərəqəni alaraq meydandan qovulub. İki dəqiqə sonra Lamin Diabi-Fadiqa cərimə meydançasının kənarından zərbə ilə hesabı bərabərləşdirib. Əlavə vaxtda say üstünlüyündə oynayan “Rakuv” qol imkanları yaratsa da, hesab dəyişməyib. Penaltilər seriyasında 3:1 qalib gələn qonaqlar 1/8 finala yüksəlib.
Kontekst
Xatırladaq ki, oktyabrın 16-da “Rakuv” Polşa çempionatının 11-ci turunda “Veçista”nı səfərdə 2:1 hesabı ilə məğlub edib. Lamin Diabi-Fadiqa həmin görüşdə 88-ci dəqiqədə qələbə qolunu vurub.