Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Kubokunun qrup mərhələsinin 2-ci turunda “Proqresul Spartak”ı 6:0 hesabı ilə məğlub edib. Ployeşti təmsilçisi üçüncü liqa klubuna qarşı səfər oyununda qələbə qazanıb.
Klinceni stadionunda keçirilən matçın hesabını 28-ci dəqiqədə Rareş Leesku açıb. Dörd dəqiqə sonra Alexandro Bran fərqi artırıb. Leesku 57-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.
65-ci dəqiqədə meydan sahiblərinin futbolçularından biri qırmızı vərəqə alıb. Hüseynov start heyətində meydana çıxıb və 73-cü dəqiqədə, komandası dörd top fərqi ilə öndə olarkən əvəzlənib. David Paraşiv 69-cu və 85-ci dəqiqələrdə fərqlənərək dubl edib. Leesku 88-ci dəqiqədə het-trikini tamamlayıb və yekun hesabı müəyyənləşdirib.
Qələbədən sonra “Petrolul” B qrupunda üç xalla dördüncü pillədə qərarlaşıb. Komanda oktyabrın 31-də Rumıniya Superliqasında ÇFR Klujla, dekabrın 2-də isə ölkə kubokunda “Sepsi” ilə qarşılaşacaq.