İran Xarici İşlər Nazirliyi ABŞ hökumətinin İranın digər ölkələrlə ticarət və hava əlaqələrini məhdudlaşdırmağa yönəlmiş qanunsuz addımlarını pisləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İran XİN bildirib ki, ABŞ-nin İran aviareyslərini məhdudlaşdırmaq cəhdlərinə cavab olaraq İraq müvafiq tədbirlər görməlidir.
Nazirliyin bəyanatında qeyd olunub ki, ABŞ-nin bu tədbirləri BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin milli suverenliyinə hörmət prinsipinə zidd olmaqla yanaşı, insan hüquqlarının fundamental normalarını da pozur.
İran XİN hesab edir ki, bu addımlar qonşu ölkələr arasında dostluq münasibətlərini pozmağa yönəlmiş təhlükəli siyasətin tərkib hissəsidir.
Bəyanatda İran və İraq xalqları arasında tarixi, dini, mədəni və şəxslərarası əlaqələrin dərin olduğu vurğulanıb. Tehran iki ölkə arasında mülki hava əlaqələrinə qoyulan məhdudiyyətlərin tərəflərin ümumi maraqlarına və rifahına zidd olduğunu bildirib.
İran XİN-in məlumatına görə, hava əlaqələrinin məhdudlaşdırılması hər iki ölkədən yüz minlərlə sərnişin, zəvvar, xəstə, tələbə və iqtisadi subyekt üçün ciddi problemlər yaradır və İran-İraq arasında strateji münasibətlərin xarakterinə uyğun deyil.
Nazirlik İraqın milli suverenliyinə hörmət etdiyini bildirərək, ABŞ-nin iqtisadi terrorizminə yönəlmiş addımlarına qarşı müvafiq qərarların qəbul edilməsinə çağırıb.
Tehran həmçinin iki ölkənin aviaşirkətlərinin uçuşlarının normal şəkildə bərpa olunmasını istəyib.
İraqın İrandakı səfiri də Nəcəf hava limanının İran reysləri üçün yenidən açılacağını təsdiqləyib. Onun sözlərinə görə, İraq hökuməti iki ölkə arasında hava əlaqəsinin tam bərpası istiqamətində davamlı səylər göstərir.
Bundan əvvəl "Reuters" mənbəyə istinadən yazmışdı ki, ABŞ Maliyyə Nazirliyinin verdiyi müvəqqəti icazə "Iraqi Airways" aviaşirkətinə İran və Nəcəf arasında bir ay ərzində uçuşlar həyata keçirməyə imkan verəcək. Daha sonra aviaşirkətə daimi icazənin verilməsi mümkün ola bilər.