Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, çərşənbə günü səhər ölkənin müxtəlif ərazilərinə endirilən Rusiya zərbələri nəticəsində azı 11 nəfər həlak olub. Ukrayna rəsmilərinin məlumatına görə, hücumlarda mənzillərə, sənaye müəssisələrinə və infrastruktura da ziyan dəyib.
“Əsas hədəflərdən biri enerji infrastrukturumuz idi. Rusiya dağıdıcı və nümayişkaranə zərbə endirmək istəyirdi”, – Zelenski “Telegram” kanalında yazıb.
Rəsmilərin daha əvvəl yaydığı məlumata əsasən, paytaxt Kiyevdə iki, şimaldakı Pryluki şəhərində dörd, Poltava vilayətində isə iki nəfər ölüb.
Ukrayna parlamentinin insan hüquqları üzrə müvəkkili Dmitro Lubinets “Telegram”da ölkənin gecə boyu yenidən Rusiya raketlərinin hücumuna məruz qaldığını bildirib. O, insanlara hücumdan sonra da gündəlik işlərini planlaşdırmalı olduqlarını qeyd edib.
Rusiya “kütləvi zərbə” endirdiyini bildirib
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya hücum zamanı 130 pilotsuz uçuş aparatı, 48 qanadlı raket və ballistik raketlərdən istifadə edib. Hərbi Hava Qüvvələri “Telegram”da hava hücumundan müdafiə bölmələrinin 161 hədəfi vurduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi Kiyev və Ukraynanın digər bölgələrindəki hərbi-sənaye obyektlərinə “kütləvi zərbə” endirildiyini bildirib. Nazirliyin iddiasına görə, hədəflər arasında Ukraynanın müdafiə şirkəti “Fire Point”in “Flamingo” qanadlı raketlərini, eləcə də orta və uzaqmənzilli pilotsuz aparatları istehsal etdiyi və saxladığı məntəqələr olub.
Ötən həftə Zelenski Ukraynanın “Fire Point” tərəfindən istehsal edilmiş ilk yerli ballistik raketini döyüş şəraitində istifadə etdiyini demişdi.
Kiyev və Pryluki şəhərlərində dağıntılar var
Hücumlar Zelenskinin çərşənbə axşamı gecə sosial şəbəkələrdə yayımladığı videoda Rusiyanın “kütləvi zərbə” endirə biləcəyi barədə xəbərdarlığından sonra baş verib. “Kyiv Independent” yerli mənbələrə istinadən Kiyevdə saat 03:15 radələrində bir neçə partlayışın eşidildiyini yazıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, zərbələr şəhərin cənub-şərqindəki Darnıtski və şimal-qərbindəki Podilski rayonlarına dəyib. Hücum nəticəsində baş verən yanğın zamanı ofis və anbar binası dağılıb.
Ukraynanın şimal-şərqində yerləşən Xarkov şəhərinə hücum nəticəsində iki nəfər yaralanıb. Vilayət qubernatoru Oleq Sinequbov bu barədə məlumat verib.
Çerniqov vilayətinin şimalındakı Pryluki şəhərində Rusiya raketi beşmərtəbəli yaşayış binasına düşüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, azı dörd nəfər hadisə yerində ölüb, 20 nəfər yaralanıb. Dağıntılar altında başqa sakinlərin də qala biləcəyi bildirilir. Yayılan görüntülərdə xilasedicilərin dağıntılar altından insanları çıxardığı görünür.
Ukrayna rəsmiləri və hərbi kəşfiyyatın gözlənilən hücumlarla bağlı xəbərdarlıqlarından sonra Kiyevdə çox sayda sakin metro stansiyalarında sığınacaq tapıb.
Zelenski həmçinin Ukraynanın Rusiyanın Perm, Samara və Həştərxan vilayətlərindəki iki neft müəssisəsinə və təlim poliqonuna zərbə endirdiyini bildirib. O, sosial şəbəkədə bu hücumları Rusiyanın Ukrayna əhalisinə qarşı zərbələrinə “haqlı cavab” adlandırıb.
Çərşənbə axşamı Qara dənizdə, Bolqarıstanın iqtisadi zonasında iki mülki gəmi hücuma məruz qalıb. Rəsmilərin məlumatına görə, gəmilərdən biri batıb, digəri isə ciddi zərər görüb.
Zelenski bildirib ki, Bolqarıstanın hərbi dəniz qüvvələri ilə birgə aparılan araşdırma hücumun arxasında Rusiyanın dayandığını müəyyən edib. “Reuters”in məlumatına görə, Bolqarıstanın Baş naziri Rumen Radev isə dronların Rusiyadan, yoxsa Ukraynadan gəldiyinin aydın olmadığını deyib. Dəniz təhlükəsizliyi üzrə mənbə ilkin qiymətləndirmənin hücumun, ehtimal ki, Rusiya tərəfindən həyata keçirildiyini göstərdiyini bildirib. Moskva hadisə ilə bağlı açıqlama verməyib.
Rusiya zərbələrindən əvvəl, çərşənbə axşamı Ukraynanın Moskva və ətraf bölgəyə hücumu nəticəsində iki nəfər ölüb, böyük yanacaq müəssisəsində yanğın baş verib.