Yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozan sürücülərə qarşı daha sərt cəza tədbirlərinin tətbiqi gündəmdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, şəhərdə yol hərəkətində nizam-intizamın təmin olunması yalnız cərimələrlə məhdudlaşmamalıdır.
Onun sözlərinə görə, əsas hədəf yol mədəniyyətinin formalaşdırılmasıdır: sürücülər və piyadalar qaydalara məsuliyyətlə yanaşmalı, hərəkət iştirakçıları qanunlara və yol nişanlarına hörmət etməlidir.
R.Hümmətov vurğulayıb ki, son illərdə Bakıda yol hərəkəti sahəsində müəyyən irəliləyişlər əldə edilsə də, qaydaları bilərəkdən pozan sürücülər hələ də qalmaqdadır və məhz bu kateqoriya ciddi təhlükə yaradır.

Nazir müavini xüsusilə səkilərin avtomobillər tərəfindən zəbt olunmasını aktual problem kimi dəyərləndirib. Onun sözlərinə görə, səkinin üzərində park edilən avtomobillər yaşlıların, əlillərin və uşaqlı valideynlərin rahat hərəkətini məhdudlaşdırır, piyadaları məcburən yolun hərəkət hissəsinə çıxarır və bu da qəza riskini artırır.

Çıxışda piyadaların məsuliyyəti məsələsinə də toxunulub. Bildirilib ki, piyada keçidlərindən istifadə etməmək ağır yol-nəqliyyat hadisələrinə yol aça bilər. Nazir müavininin sözlərinə görə, bəzi hallarda insanlar piyada keçidinə yaxın məsafə olmasına baxmayaraq, yolu qadağan olunmuş yerlərdən keçir və bu, həm öz həyatları, həm də digər hərəkət iştirakçıları üçün risk yaradır.
R.Hümmətov hesab edir ki, mövcud problemlərin həlli üçün maarifləndirmə tədbirləri genişləndirilməli, eyni zamanda yol hərəkəti qaydalarını qəsdən pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır.