“Fənərbaxça” klubunun mətbuat xidməti “Qalatasaray”la İstanbul derbisindən sonra açıqlama yayıb. Türkiyə Super Liqasının 9-cu turunda oktyabrın 26-da keçirilən görüş “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Viktor Osimhen 29-cu və 44-cü dəqiqələrdə fərqlənib. “Fənərbaxça”nın yeganə qolunu 62-ci dəqiqədə İrfan Can Kahveci vurub.
“Fənərbaxça” açıqlamasında derbi zamanı futbolçularına qarşı şifahi və fiziki hücumları qətiyyətlə pisləyib. Klubun iddiasına görə, hadisələr Kərəm Aktürkoğluna qarşı şifahi təhqirlərlə başlayıb, daha sonra “Qalatasaray”ın analitiki Serhat Doğanın Matteo Genduziyə hücumu ilə davam edib. Açıqlamada Abdülkerim Bardakçının da komandanın futbolçularından birini saçından tutduğu bildirilib.
“Fənərbaxça” derbinin gərginliyinin futbolçulara hücuma haqq qazandırmadığını vurğulayıb. Klub hadisədə iştirak edən hər kəsin intizam orqanları tərəfindən hərtərəfli araşdırılmasını, günahkarların istisnasız cəzalandırılmasını tələb edib. Açıqlamada Türkiyə futbolunda zorakılığın qarşısını almağın yeganə yolunun günahkarları cəzasız qoymamaq olduğu qeyd olunub.