Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə danışıqların keçiriləcəyini dəqiq iddia etməyin hələ tez olduğunu bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ryabkov yaxın gələcəkdə belə bir diplomatik təmasın baş tutması və görüş yeri kimi Əbu-Dabi platformasının nəzərdən keçirilməsi barədə ilkin razılaşmanın olduğunu təsdiqləyib. Bununla belə, rusiyalı diplomat tərəflərin hələ ki hazırlıq və məsləhətləşmələr mərhələsində olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin daha əvvəl Moskvanın Ukrayna nizamlanması üzrə üçtərəfli danışıqlar formatını bərpa etməyə prinsipial olaraq hazır olduğunu açıqlayıb. Rusiya dövlət başçısının sözlərinə görə, potensial danışıqların əsas məqsədi yekun sülh sazişlərinə nail olunduqdan sonra həm Rusiyanın, həm də Ukraynanın uzunmüddətli təhlükəsizlik zəmanətlərini hərtərəfli müzakirə etməkdir.
Prezident Putin, həmçinin xüsusi olaraq diqqətə çatdırıb ki, bu məsələyə baxılarkən təkcə lokallaşdırılmış münaqişə zonası deyil, ümumilikdə Avropanın kollektiv təhlükəsizlik arxitekturasının bölünməzliyi prinsipi və mövcud balansı geniş müstəvidə müzakirə olunmalıdır.