Polşa mətbuatı “Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın karyerasındakı yüksəliyə diqqət ayırıb. “Mymistrzowie” nəşrinin yazdığına görə, futbolçunun Azərbaycana transferi onun karyerasında ən uğurlu qərarlardan biri olub.
“Azərbaycan – vədlər diyarı” adlı bölümdə bildirilir ki, Almaniya, Türkiyə, Yunanıstan və İngiltərədə çıxış edən Puxaç Bakıda əvvəlki formasını bərpa edib. Nəşr onun 2025-ci ilin sonunda “Sabah”a icarəyə keçməsini, transferinin isə 2026-cı ilin mayında rəsmiləşdirilməsini karyerasında dönüş nöqtəsi sayıb.
“Sabah”la qazandığı uğurlar
Polşa nəşri müdafiəçinin “Sabah”la Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanmasını, eləcə də Çempionlar Liqasının əsas mərhələsində oynamasını vurğulayıb. Puxaçın “Mançester Yunayted” və Praqa “Slaviyası” ilə görüşlərdə 90 dəqiqə meydanda olduğu, oktyabrın 20-də Dortmund “Borussiya”sına qarşı matçda isə məhsuldar ötürmə etdiyi qeyd olunub.
Məqalədə həmçinin futbolçunun Almaniyada “Union Berlin”in əsas heyətinə düşə bilmədiyi, “Holştayn Kil”də isə ehtiyatda qaldığı yazılıb. Nəşrin fikrincə, “Sabah”dakı uğurları onun Polşa millisinə qayıtmasına şərait yaradıb. Bununla belə, Puxaç yığmadakı yerini hələ tam möhkəmləndirməyib.
27 yaşlı müdafiəçi Polşa millisində 16 oyun keçirib. O, 2026-cı ilin payızında baş məşqçi Yan Urban tərəfindən yenidən yığmaya dəvət olunub.