Yol-nəqliyyat hadisələrindən sonra avtomobilə dəyən zərərin qiymətləndirilməsi, ayrılan sığorta məbləğləri və ödəniş müddətləri sürücülər tərəfindən ən çox müzakirə olunan məsələlərdəndir. Tez-tez sığorta şirkətlərinin ayırdığı məbləğin təmir xərclərini qarşılamadığı və ya ödənişlərin uzandığı iddia edilsə də, mütəxəssislər real bazar şərtlərinin və hüquqi mexanizmlərin fərqli olduğunu bildirirlər.
Bəs zərər hansı meyarlar əsasında hesablanır? Sığorta məbləğindən narazı qalan vətəndaş hansı addımları atmalıdır və ödənişlər qanunla neçə gün ərzində köçürülməlidir?
Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-in suallarını Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ekspertlər qrupunun üzvü, “Meqa Sığorta” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Emil Ağabağırov cavablandırıb:
- Emil müəllim, qəzadan sonra avtomobilə dəyən zərər hansı meyarlar əsasında hesablanır? Köhnə və yeni avtomobillərin ehtiyat hissələrinin qiymət fərqi necə nəzərə alınır?
- Avtomobil sığortasından danışırıqsa, burada icbari avtomobil sığortası və KASKO (könüllü) sığorta mövcuddur. Hər iki növdə müəyyən fərqli yanaşmalar olsa da, əsas məqsəd avtomobili qəzadan əvvəlki vəziyyətinə qaytarmaqdır. Əgər avtomobilin ehtiyat hissəsi tam yararsız hala düşübsə, yenisi ilə əvəz olunur. Əgər yeni nəsil avtomobildirsə və onun işlənmiş ehtiyat hissəsi bazarda yoxdursa, mütləq şəkildə yeni detalla əvəzlənir.
- Sürücülər tez-tez sığortanın ayırdığı məbləğin avtomobili təmir etdirməyə çatmadığını bildirirlər. Bu uyğunsuzluq nədən qaynaqlanır?
- Əslində bu cür hallara çox az rast gəlinir. Şirkətlər tərəfindən ayrılan rəqəmlər, demək olar ki, real bazar qiymətinə uyğundur. Burada yaranan fərq topdansatış və servis güzəştlərindən qaynaqlana bilər. Məsələn, sıravi vətəndaş mağazadan ehtiyat hissəsini 100 manata alırsa, sığorta şirkəti həmin tərəfdaş mağaza ilə böyük həcmli əməkdaşlıq etdiyi üçün həmin detalı 80 manata əldə edə bilir. Ya da hansısa servis sıravi müştəriyə detalı 100 manata təmir edirsə, sığorta şirkətinə 70-80 manata edir. Yəni ortada müəyyən fərq ola bilər, lakin kəskin fərqlər çox nadir hallarda baş verir.
- Müştəri ekspertdən və ya sığorta şirkətinin təyin etdiyi məbləğdən narazı qaldıqda hansı hüquqi addımları atmalıdır? Müstəqil ekspertizaya müraciət necə tənzimlənir?
- Əgər hər hansı uyğunsuzluq və ya narazılıq varsa, vətəndaş müstəqil ekspertə müraciət edə bilər və ya Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət edə bilər. Müstəqil ekspert seçimi üçün rəsmi qeydiyyatda olan müstəqil ekspertlərin siyahısından istənilən mütəxəssisi seçib müraciət etmək mümkündür.
- Qanunla sığorta ödənişi neçə gün ərzində köçürülməlidir və təcrübədə bu müddətin uzanmasının başlıca səbəbləri nədir?
- Bütün zəruri sənədlər - Dövlət Yol Polisinin verdiyi Forma 4, qiymətləndirmə rəyi, servisin təqdim etdiyi qiymət aktı və vətəndaşın müraciəti sığorta şirkətinə təqdim olunduqdan sonra 7 iş günü ərzində sığorta şirkəti ödənişi həyata keçirməlidir. Təcrübədə sığorta şirkətləri arasında ödənişlərin gecikdirilməsi halı, demək olar ki, yoxdur və bütün sənədlər tamamlandıqdan sonra qanuni 7 iş günü ərzində məbləğ köçürülür.