ürk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı oktyabrın 29-30-da Ankarada keçiriləcək 13-cü Zirvə çərçivəsində təşkil olunacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə istinadla "TRT Haber" telekanalı məlumat yayıb.
Nazirlər bu il şuranın toplantısında 5-ci dəfə bir araya gələcəklər — görüşlərdən biri rəsmi, dördü isə qeyri-rəsmi formatda keçiriləcək. İclasda TDT çərçivəsində əməkdaşlıq sahələri və təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar müzakirə olunacaq, sonunda isə bəzi inzibati və maliyyə sənədlərinin təsdiqlənməsi gözlənilir.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın toplantı çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. H.Fidanın çıxışında türk dövlətləri arasında siyasi dialoqun, eləcə də ortak tarix, dil və mədəniyyət bağlarının konkret əməkdaşlığa çevrildiyini vurğulayacağı bildirilir.
Türkiyənin TDT-yə sədrlik etdiyi dövrdə təşkilatın institusional potensialının artırılmasına, katibliyin resurslarının inkişafına və koordinasiyanın gücləndirilməsinə üstünlük veriləcəyi gözlənilir. H.Fidan enerji, ticarət, investisiya, rəqəmsal transformasiya və müdafiə sənayesi sahələrində strateji tərəfdaşlığın vacibliyinə, eyni zamanda Xəzərdən keçən Orta Dəhlizin gücləndirilməsinə diqqət çəkəcək. O, həmçinin Əfqanıstandakı hadisələrin regional təhlükəsizliyə təsirini xatırladaraq TDT ölkələri arasında məsləhətləşmələrin artırılmasının əhəmiyyətini qeyd edəcək.
2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi ilə əsası qoyulan təşkilatın 13-cü Zirvəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada keçiriləcək. Sammit “Türk Yüzili: Dildə, fikirdə, işdə birlik” mövzusuna həsr olunub. Təşkilatın hazırda 5 tamhüquqlu üzvü (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və 4 müşahidəçi üzvü (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, İqtisadi Əməkdaşlıq Təşkilatı) var.