Türk Dövlətləri Təşkilatı (TDT) ilkin olaraq ortaq dil və mədəniyyətə əsaslanan əməkdaşlıq platforması kimi yaradılsa da, son illərdə iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və təhlükəsizlik sahələrini də əhatə edən regional quruma çevrilib.
Bu həftə üzv və müşahidəçi dövlətlərin yüksək vəzifəli şəxsləri, iqtisadçıları və siyasət araşdırmaçıları Bakıda daha sıx iqtisadi əməkdaşlığı müzakirə edirlər. Gündəlikdə Orta Dəhliz, ticarət, investisiya və rəqəmsal transformasiya məsələləri əsas yer tutur.
Təşkilata hansı ölkələr daxildir?
Təşkilat 2009-cu ildə Naxçıvan Sazişi əsasında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı ilə yaradılıb. Daha əvvəl “Türk Şurası” kimi tanınan qurum 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adlandırılıb.
TDT-nin beş tamhüquqlu üzvü var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi statusuna malikdir. İqtisadi Əməkdaşlıq Təşkilatı da müşahidəçi qismində təmsil olunur.
Təşkilat xarici siyasət, ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, səhiyyə, miqrasiya və təhlükəsizlik daxil olmaqla onlarla sahədə əməkdaşlığı əlaqələndirir.
Üzvlük hansı imkanları yaradır?
TDT Avropa İttifaqı tipli birlik deyil. Təşkilat üzv ölkələrdə avtomatik qüvvəyə minən qanunlar qəbul etmir, vahid bazar yaratmır və milli sərhədləri aradan qaldırmır. Bunun əvəzinə dövlətlər ticarət, investisiya və iqtisadi əlaqələri asanlaşdırmaq üçün müxtəlif saziş və mexanizmlər hazırlayırlar.
Simplifikasiya edilmiş Gömrük Dəhlizi məlumat mübadiləsinin genişləndirilməsi yolu ilə yüklərin hərəkətini sürətləndirməyə yönəlib. Üzv ölkələr elektron yol icazələri və rəqəmsal yük sənədləri üzrə də əməkdaşlıq edirlər.
Nəqliyyat TDT-nin əsas prioritetlərindən biridir. Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirən Orta Dəhliz boyunca avtomobil, dəmir yolu və dəniz nəqliyyatı şəbəkələrinin əlaqələndirilməsi və logistika maneələrinin azaldılması istiqamətində iş aparılır.
İqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə 600 milyon dollar nizamnamə kapitalı ilə Türk İnvestisiya Fondu da yaradılıb. Fond biznesləri və birgə layihələri dəstəkləməyə hesablanıb.
TDT hərbi ittifaqdırmı?
Xeyr. NATO-dan fərqli olaraq, TDT-nin kollektiv müdafiə müddəası yoxdur və üzv dövlətlərdən birinə hücum zamanı digər ölkələrə məcburi hərbi yardım göstərilməsi öhdəliyi yaratmır.
Bununla belə, təşkilat terrorizm, mütəşəkkil cinayətkarlıq və sərhəd təhlükəsizliyi ilə mübarizə sahələrində əməkdaşlıq üçün platforma rolunu oynayır. Üzv ölkələr təbii fəlakətlərə və digər fövqəladə hallara cavab tədbirlərini əlaqələndirmək üçün mülki müdafiə mexanizmi də yaradıblar.
2025-ci ildə Qəbələdə keçirilən TDT sammitində liderlər regional təhlükəsizlik və xarici siyasət məsələləri üzrə koordinasiyanın gücləndirilməsinə çağırıblar. Bununla belə, təşkilat hərbi ittifaqlara xas məcburi təhlükəsizlik təminatları vermir.
Təşkilatın təsiri nə qədərdir?
TDT-nin potensialı üzv və müşahidəçi ölkələrin iqtisadi imkanları və strateji coğrafiyası ilə bağlıdır. Bakı konfransında təqdim olunan rəqəmlərə görə, təhlilə daxil edilən ölkələrin ümumi əhalisi 2025-ci ildə 178,8 milyon nəfər, məcmu ümumi daxili məhsulu 2,11 trilyon dollar, ümumi ticarət dövriyyəsi isə 1,13 trilyon dollar təşkil edib.
Bu ölkələrin əraziləri Mərkəzi Asiyanı, Xəzər regionunu, Cənubi Qafqazı və Avropanı birləşdirən strateji marşrut boyunca yerləşir.
Digər tərəfdən, təşkilatın imkanları məhduddur. Qərarlar suveren dövlətlər arasında əməkdaşlığa əsaslanır və TDT üzv ölkələri müəyyən siyasətləri həyata keçirməyə məcbur edə bilmir. Buna görə də təşkilatın təsiri siyasi öhdəliklərin real nəqliyyat bağlantılarına, investisiya layihələrinə və praktiki razılaşmalara çevrilməsindən asılıdır.
Əsas prioritetlər
Təşkilatın “Türk Dünyası Baxışı 2040” sənədi üzv ölkələrin suverenliyini qorumaqla daha dərin siyasi koordinasiya və iqtisadi inteqrasiya məqsədlərini müəyyənləşdirir.
Qısamüddətli prioritetlərə ticarət və investisiyaların artırılması, Orta Dəhlizin inkişafı, enerji və nəqliyyat bağlantılarının yaxşılaşdırılması, ticarət və gömrük prosedurlarının rəqəmsallaşdırılması, eləcə də regional dəyər zəncirlərinin gücləndirilməsi daxildir.
Bakıda keçirilən müzakirələr də genişlənən siyasi əməkdaşlığın konkret iqtisadi inteqrasiyaya çevrilməsi məqsədinə həsr olunub.