Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi çərçivəsində yeni hüquq-mühafizə qurumu – "TURKPOL"-un yaradılmasını nəzərdən keçirirlər.
Məsələ TDT-yə üzv ölkələrin daxili işlər nazirlərinin Astanada keçirilən görüşündə müzakirə olunub. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, planlaşdırılan Cinayətkarlıqla Mübarizə Şurası gələcəkdə Avropa Polis İdarəsi – "Europol" və "Aseanapol" nümunəsində fəaliyyət göstərəcək "TURKPOL"-a çevrilə bilər.
Şuranın yaradılması təşəbbüsünü Türkiyə irəli sürüb. Onun təsis sənədi ilə bağlı ilk texniki müzakirələr iyul ayında keçirilib. Çiftçinin sözlərinə görə, danışıqlar başa çatdıqdan sonra sənədin növbəti görüşdə imzalanması planlaşdırılır.
Astana görüşündən əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də hüquq-mühafizə orqanları arasında daha sıx əməkdaşlığa çağırıb. O, qlobal vəziyyəti “qeyri-sabit və gözlənilməz” adlandırıb.
TDT nədir?
Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Türk Şurası adı ilə yaradılıb. Özbəkistan 2019-cu ildə təşkilata qoşulub, qurum isə 2021-ci ildə indiki adını qəbul edib.
Macarıstan, Türkmənistan və Kipr təşkilatda müşahidəçi statusuna malikdir. Təşkilat ilkin olaraq tarixi, linqvistik və mədəni əlaqələrə fokuslansa da, hazırda təhlükəsizlik, regional bağlantılar və texnologiya məsələləri liderlərin müzakirələrində getdikcə daha böyük yer tutur.
Qazaxıstanın Türküstan şəhərində 15 may 2026-cı ildə keçirilən qeyri-rəsmi TDT sammitində təşkilatın gələcək rolu ilə bağlı fərqli yanaşmalar səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türk dünyasının XXI əsrin “nüfuzlu geosiyasi mərkəzlərindən birinə” çevrilməli olduğunu bildirib.
Tokayev isə TDT-nin “geosiyasi layihə” və ya hərbi təşkilat olmadığını deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regional münaqişələr üzrə koordinasiyanın gücləndirilməsinə və müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılmasına çağırıb.
Digər təhlükəsizlik təşəbbüsləri
"TURKPOL" təhlükəsizlik sahəsində müzakirə olunan yeganə təşəbbüs deyil. Qazaxıstan milli qurumların kibertəhlükələr barədə məlumat mübadiləsi aparmasına və kritik infrastruktura təsir göstərə biləcək risklərə qarşı tədbirləri əlaqələndirməsinə imkan verəcək TDT Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib.
Təşkilat mövcud üzvlərdən kənar ölkələrlə əməkdaşlığın yeni formalarını da nəzərdən keçirir. May sammitində Qazaxıstan Türkiyənin qrupdan kənar ölkələrlə əlaqələrin inkişafına yönəlmiş “TDT Plus” formatı təklifini dəstəkləyib.
Birgə texnologiya və infrastruktur layihələri də həyata keçirilir. Qazaxıstan, Azərbaycan, Türkiyə və Özbəkistan 2027-ci ildə orbitə buraxılması planlaşdırılan CubeSat peyki üzərində çalışır. Azərbaycan və Qazaxıstan isə Xəzərdən keçən fiber-optik kabel layihəsini inkişaf etdirir. Azərbaycan rəsmilərinin bildirdiyinə görə, bu layihə Xəzər regionunda rəqəmsal bağlantıları yaxşılaşdıracaq.
Növbəti addımlar
TDT Təhlükəsizlik Şurasının katiblərinin sentyabrın 16-dan 18-dək Bakıda, müdafiə sənayesi qurumlarının nümayəndələrinin isə sentyabrın 30-dan oktyabrın 2-dək Astanada görüşməsi planlaşdırılır.
Təşkilatın növbəti sammiti 30 oktyabr 2026-cı ildə Türkiyədə keçiriləcək. Bundan bir gün əvvəl Ankarada xarici işlər nazirlərinin toplantısı baş tutacaq. TDT daxili işlər nazirlərinin növbəti görüşü 2027-ci ildə Türkiyədə keçiriləcək və tərəflər həmin vaxt Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması haqqında sazişi imzalamağı hədəfləyirlər.