Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Vaşinqton arasında davam edən təmaslara toxunaraq, Rusiya lideri Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında ikitərəfli görüşün təşkili istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Peskov bu barədə Moskvada jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.
Kremlin rəsmisi yaxın vaxtlarda iki ölkə nümayəndələri arasında yüksəksəviyyəli görüşün keçiriləcəyinə ümid etdiklərini diqqətə çatdırıb:
“Yaxın zamanlarda bu görüşün baş tutmasını gözləyirik. S.Uitkoffun ukraynalı və avropalı tərəfdaşlarla keçirdiyi təmasların nəticələri barədə Prezident Putinə geniş məlumat verəcəyini, eləcə də Vaşinqton və Moskva arasında bir sıra strateji məsələlər üzrə intensiv fikir mübadiləsinin davam etdiriləcəyini proqnozlaşdırırıq”, – deyə Peskov vurğulayıb.
D.Peskov Birləşmiş Ştatların danışıqlar üzrə xüsusi nümayəndələrinin vasitəçilik səylərini yüksək qiymətləndirdiklərini, bu cür birbaşa təmasların zəruri və məhsuldar olduğunu bəyan edib. Görüşün dəqiq yeri və tarixi barədə əlavə məlumat veriləcəyi qeyd olunub.
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh müqaviləsi bağlamaq üçün uyğun tərəf olmadığı barədə bəyanatını şərh edən D.Peskov Moskvanın əsas tələbini bir daha xatırladıb:
“Rusiya üçün əsas məsələ Ukraynadakı hərbi əməliyyatlara son qoyulması üçün hüquqi və siyasi məsuliyyəti üzərinə götürməyə, qətiyyətli qərarlar qəbul etməyə hazır olan legitim hakimiyyət nümayəndəsi ilə danışıqlar aparmaqdır”, – deyə o əlavə edib.