Qəzza Mənzil Nazirliyi İsrail Silahlı Qüvvələrinin Qəzza şəhərinin şərqində yerləşən Şucaiyyə məhəlləsində məcburi köçkün fələstinlilərin müvəqqəti meskunlaşdığı düşərgəyə pilotsuz uçuş aparatları (PUA) ilə hava zərbələri endirdiyinə dair rəsmi bəyanat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hücum nəticəsində düşərgədə yerləşən çadırlar alova bürünərək tamamilə külə dönüb.
Mənzil Nazirliyinin açıqlamasında qeyd olunur ki, hava zərbəsi nəticəsində 200-dən çox ailə — ümumilikdə 800-dən artıq fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşərək tamamilə sığınacaqsız qalıb. Sığınacaqsız qalan mülki şəxslərin böyük çoğunluğunu uşaqlar, qadınlar, yaşlılar və ağır xəstələrin təşkil etdiyi vurğulanıb.
Nazirlik bəyan edib ki, bu hücum İsrail ordusunun bölgədə həyata keçirdiyi etnik təmizləmə və zorakılıq siyasətinin bariz göstəricisidir. Əvvəllər dəfələrlə yaşayış yerlərini dəyişmək məcburiyyətində qalan və məhdud imkanlarla əldə etdikləri minimum məişət əşyalarını da itirən dinc sakinlərin kəskin psixoloji təşviş və qorxu içində olduğu bildirilib.
Rəsmi Qəzza qurumları baş verən insidenti fələstinlilərin öz torpaqlarından məcburi köçürülməsi strategiyasının davamı kimi dəyərləndirərək, baş verənləri müharibə cinayəti və insanlığa karşı cinayət adlandırıb.
Bəyanatın sonunda Qəzza zolağında fəaliyyət gösterən beynəlxalq humanitar yardım təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatının (BMT) adiyyəti strukturlarına və donor ölkələrə təcili müraciət olunub. Müraciətdə Şucaiyyədə sığınacaqsız qalan məcburi köçkün ailələrə təcili yardım paketlərinin çatdırılması, yeni çadırların vurulması və alternatif müvəqqəti yaşayış imkanlarının yaradılması kəskin şəkildə tələb edilib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 10-da əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağında müxtəlif istiqamətlər üzrə hərbi insidentlər və təmaslar davam etməkdədir.