“Araz-Naxçıvan”ın futzalçısı Oktay Rüstəmli UEFA Çempionlar Liqasının əsas mərhələsində “Uypest”lə oyunda het-trik etməsi, eləcə də “Buba Mara” ilə qarşılaşmada qol vurmasına baxmayaraq komandasının məğlub olması barədə danışıb. O, fikirlərini Azərbaycan Futzal Federasiyasına açıqlamasında bildirib.
Rüstəmli Macarıstan təmsilçisi “Uypest”lə görüşün gərgin keçdiyini, komandaların yaratdığı qol imkanları və oyun atmosferi baxımından maraqlı olduğunu deyib. Onun sözlərinə görə, “Araz-Naxçıvan” üstün oynayıb və qol epizodlarının əksəriyyətini dəyərləndirərək qələbə qazanıb. Futzalçı UEFA bayrağı altında keçirilən matçda het-trik etməyin sevindirici olduğunu, əsas məqsədin isə komandanın uğuru olduğunu vurğulayıb.
Hücumçu “Buba Mara” ilə görüşdə komandasının “Uypest”lə matçdakından daha çox qol epizodu yaratdığını, lakin onlardan yalnız üçünü reallaşdırdığını bildirib. Rüstəmlinin fikrincə, rəqib üstün olmayıb, ancaq qol imkanlarından daha yaxşı istifadə edərək 3:5 hesabı ilə qalib gəlib. O, qol vurmasına baxmayaraq qələbə qazana bilmədiklərinə görə məyus olduğunu qeyd edib.
Rüstəmli qrupda hər komandanın lider olmaq şansının davam etdiyini və son turun oyunlarının gərgin keçəcəyini söyləyib. O, “Araz-Naxçıvan”ın 1/8 finala yüksəlməsi üçün çalışacaqlarını bildirib.