Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Seneqalda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarından medallarla qayıdacaqlarına ümid edir. Bunu Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov bildirib.
Bağırovun sözlərinə görə, hazırlıq prosesi yaxşı keçib, komandanın ehtiyac duyduğu məsələlər həll olunub və idmançılara oyunlarla bağlı təlimatlar verilib. Heyət kiçik olsa da, yüksək nəticə qazanmağa qadir idmançılar var. O, Dakardan medallarla qayıtmağa ümid etdiklərini deyib.
Nümayəndə heyəti 23 nəfərdən ibarətdir
Oktyabrın 31-dən noyabrın 13-dək keçiriləcək turnirə Azərbaycan 23 nəfərlik nümayəndə heyəti ilə qatılacaq. Heyətə missiya rəhbəri, 13 idmançı, 8 məşqçi və həkim daxildir. İdmançılar cüdo, çimərlik güləşi, qılıncoynatma, şosse velosipedi, taekvondo, atletika, üzgüçülük və boks yarışlarında çıxış edəcəklər.
Bağırov oktyabrın 27-də həkimlə birlikdə Dakara yollanacağını, yarışlardan əvvəl təşkilati məsələlərlə tanış olub idmançılar üçün əlverişli şərait yaratmağa çalışacağını bildirib. O, sonuncu dəfə missiya rəhbərləri üçün apreldə keçirilən seminarda Dakarda olub.
İdmançılar fərqli tarixlərdə yola düşəcəklər
Hər idman növünün komandası yarışların başlanmasına iki-üç gün qalmış Dakara gedəcək, çıxışını başa vurduqdan sonrakı gün Azərbaycana qayıdacaq. Buna görə nümayəndə heyətinin üzvləri Seneqala müxtəlif tarixlərdə yollanacaq. İlk olaraq cüdo və üzgüçülük idmançıları səfər edəcəklər.
Bağırov Dakarla bağlı müəyyən çətinliklərin gözlənildiyini, bəzi məsələlərin praktikada necə həll olunacağının hələ aydın olmadığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd idmançıların yarışlara rahat hazırlaşması, ehtiyaclarının qarşılanması və çıxışlarına mane ola biləcək problemlərin aradan qaldırılmasıdır. MOK komandanın hazırlığı üçün zəruri işləri görüb; indi səfərin uğurla təşkili və idmançıların potensiallarını nümayiş etdirmələri üçün şərait yaradılması əsas hədəfdir.