"Mançester Yunayted"in baş məşqçisi əvəzi Maykl Karrik, "Barselona"da icarə əsasında çıxış edən Markus Reşfordun vəziyyəti barədə açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İngilis futbolçunun La Liqada inamlı oyununa baxmayaraq, Kataloniya klubu hələ ki satınalma hüququndan istifadə etməyə tələsmir.
Bu isə hücumçunun yenidən İngiltərəyə qayıdacağı ilə bağlı şayiələrə səbəb olub.
Karrik məsələ ilə bağlı bunları qeyd edib:
"Düşünürəm ki, vaxtı gələndə müəyyən məsələlərlə bağlı qərarlar qəbul edilməlidir. Markusun da vəziyyəti belədir. Lakin hazırda heç nə həll olunmayıb. Qərar veriləcək, çünki bu nə vaxtsa baş verməlidir, amma indiki mərhələdə deyiləcək bir şey yoxdur".
Məşqçi həmçinin klubun sərəncamında olan hər bir oyunçu ilə işləməyə hazır olduğunu vurğulayıb: "Mənim mövqeyimə görə, kiminlə işləməyimdən asılı olmayaraq, onlardan maksimum yararlanmaq və inkişaf etmələrinə kömək etmək istəyirəm. Hazırda əlimizdəki heyət budur, lakin icarədə olan oyunçularımız da var. Onlarla bağlı nə baş verəcəyini zaman göstərəcək."