İspaniyanın dəmir yolu şəbəkəsi bu həftə ciddi axsamalarla üzləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Semaf həmkarlar ittifaqı Adamuz və Kataloniyada baş verən ölümcül qəzalardan sonra təhlükəsizlik sistemindəki çatışmazlıqlara etiraz olaraq üçgünlük ümummilli tətilə başlayıb.
Bazar ertəsindən etibarən start götürən aksiyanın minlərlə sərnişinin və beynəlxalq səyyahın hərəkətini iflic edəcəyi gözlənilir.
Həmkarlar ittifaqı bu addımı ölkənin dəmir yolu əməliyyatlarında sistemli təhlükəsizlik zəmanətinin olmamasına birbaşa cavab kimi qiymətləndirib.
Yanvar ayında İspaniya dəmir yolları üçün "qara həftə" kimi yadda qalan dövrdə 48 saat ərzində iki ayrı ölümcül hadisə baş verib. Ən ağır qəza yanvarın 18-də Adamuzda qeydə alınıb. Yüksəksürətli qatarın relsdən çıxaraq başqa bir qatarla toqquşması nəticəsində 46 nəfər həlak olub. Bu, ölkədə son on ilin ən böyük dəmir yolu fəlakəti hesab olunur.
İkinci hadisə isə Kataloniyada, Barselona yaxınlığında baş verib. Uçan divarın qatarın üzərinə aşması nəticəsində maşinist həyatını itirib, 37 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Semaf nümayəndələri bildiriblər ki, bu hadisələr təsadüf deyil, şəbəkənin tənəzzülünün göstəricisidir. Onlar mövcud şəraitdə fəaliyyət göstərməyin mümkünsüz olduğunu vurğulayaraq, texniki xidmət büdcəsinin artırılmasını və əlavə kadrların işə götürülməsini tələb edirlər.
Hökumət tərəfi isə ittihamları rədd edir. Nəqliyyat naziri Oskar Puente bildirib ki, problem investisiya çatışmazlığı ilə bağlı deyil. Nazirlik qəzanın baş verdiyi Madrid-Əndəlüs xəttinin yenilənməsi üçün bu yaxınlarda 700 milyon avro vəsait xərcləndiyini diqqətə çatdırıb.