BMT Baş katibinin müavini və mətbuat katibi Şirin Yasin gündəlik mətbuat konfransında işğal altındakı Fələstin ərazilərindəki son vəziyyətlə bağlı kritik açıqlamalar verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KV məlumat yayıb.
Şirin Yasin bildirib ki, BMT-nin Qəzzanın Xan Yunis şəhərində yerləşən anbarı İsrail ordusunun hava zərbələri nəticəsində ciddi zərər görüb. Hadisə zamanı BMT əməkdaşları arasında xəsarət alan olmayıb.
BMT rəsmisi keçən həftə İsrailin hava hücumları nəticəsində yaranan yanğınlarda 100-dən çox fələstinli ailənin sığınacaq çadırlarını və əmlaklarını itirdiyini diqqətə çatdırıb. İsrailin humanitar yardımların blokadasını davam etdirdiyini vurğulayan Yasin, bütün sərhəd-keçid məntəqələrinin dərhal açılmasına və məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.
Şirin Yasin İordan çayının qərb sahilindəki Xəlil şəhərində də vəziyyətin acınacaqlı olduğunu bəyan edib. İsrail qüvvələrinin iki məhəlləni mühasirədə saxlaması nəticəsində 3 minə yaxın fələstinli evlərinə qayıda bilmir. Yolları bağlayan İsrail hərbçiləri əhalinin səhiyyə, təhsil və dolanışıq vasitələrinə çıxışını tamamilə məhdudlaşdırıb.
İordan çayının qərb sahilində bu il qanunsuz İsrail məskunlaşanları tərəfindən 14 məscidə hücum edilməsi məsələsinə də toxunan BMT rəsmisi bu halları kəskin pisləyib və ibadət yerlərinin toxunulmazlığının təmin edilməsinin vacibliyini xatırladıb.