“Real Madrid”in 15 yaşlı yarımmüdafiəçisi Alberto Ruiz Azərbaycanda keçirilən U-15 dünya çempionatında göstərdiyi oyunla diqqət mərkəzinə düşüb. 2011-ci il fevralın 9-da İspaniyanın La-Mança bölgəsində anadan olan futbolçu klub akademiyasının perspektivli yetirmələrindən sayılır.
İspaniya U-15 millisinin kapitanı olan Ruiz Kolumbiya ilə 1/4 final matçında 5:0 hesablı qələbəyə iki qolla töhfə verib. O, yarımfinalda Yunanıstanı 6:2 hesabı ilə məğlub etdikləri görüşdə də iki dəfə fərqlənib.
Hücumameyilli yarımmüdafiəçi oyun qurmaq, meydanı görmək, uzaq məsafədən dəqiq zərbələr endirmək və komanda yoldaşlarını əlverişli mövqeyə çıxarmaq bacarıqları ilə seçilir. Oyun üslubuna görə Ruizə “La-Mançalı Modriç” deyirlər.
“Real Madrid” futbolçunu itirmək niyyətində deyil. Məlumata görə, klub Ruizlə 2028-ci ilə qədər müqavilə bağlayıb. O, Madrid təmsilçisinin Valdebebasda yerləşən “La Fabrica” akademiyasında yetişib və İspaniya yeniyetmə futbolunun perspektivli oyunçularından biri kimi qiymətləndirilir.