ABŞ Müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynin də iştirak etdiyi yüksəksəviyyəli görüşdə CENTCOM komandanı, general Bred Kuperin Prezident Donald Trampa İrana mümkün hərbi müdaxilə ssenariləri barədə şəxsən məlumat verdiyi iddia olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
WSJ vurğulayır ki, CENTCOM komandanının ölkə prezidentinə təkbətək brifinq verməsi nadir hadisədir və bu addım Vaşinqtonun İrana qarşı "əhəmiyyətli hərbi hücumlara yaxınlaşmasının xəbərçisi" kimi qiymətləndirilə bilər.
Mümkün hərbi əməliyyat planları Konqresdə də ciddi narahatlıq yaradıb. ABŞ-nin demokrat senatoru Kris Mörfi "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, bir qrup senator İrana hücum planları ilə bağlı məlumatlandırılıb.
Planları kəskin tənqid edən Mörfi deyib: "Bu, gərginliyin dağıdıcı şəkildə artmasına və hüququn aliliyinə sadiqliyimizin, çox güman ki, yox olmasına səbəb olacaq".