"Axios" portalının məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Mərkəzi Komandanlığa (CENTCOM) İrandakı strateji hədəflərə qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün hazırlıq planlarını yekunlaşdırmağı tapşırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əməliyyatların keçirilməsi üçün konkret vaxt müəyyənləşdirilməsə də, ABŞ Prezidenti Donald Trampın hərbi müdaxilənin vaxtı barədə qiymətləndirmələri davam etdirdiyi bildirilir.
Vaşinqton və Təl-Əvivdəki mənbələr ehtimal edilən zərbələrin ABŞ-də noyabrın 3-də keçiriləcək Kongresə aralıq seçkilərindən və İsraildə oktyabrın 27-yə planlaşdırılan növbədənkənar seçkilərdən əvvəl baş tuta biləcəyini istisna etmirlər. Yeni hücum dalğasının İranın enerji infrastrukturu və nüvə obyektlərini əhatə edəcəyi vurğulanır.
Məsələ ilə bağlı "Anadolu" agentliyinə açıqlama verən Pentaqon rəsmisi Müdafiə Nazirliyinin əsas vəzifəsinin müxtəlif hərbi ssenarilər hazırlayaraq dövlət başçısına təqdim etmək olduğunu xatırladıb.
Ağ Evin nümayəndəsi isə "Axios"a verdiyi şərhdə Birləşmiş Ştatların Hörmüz boğazında güclü mövqeyə malik olduğunu və İran iqtisadiyyatının kəskin tənəzzülə uğradığını bəyan edib: "İran ağır zərbələr alıb. Siyasi və hərbi proseslər ya danışıqlar, ya də daha sərt hərbi yolla davam edəcək. Prezident Tramp bütün strateji üstünlükləri əlində saxlayır və ABŞ-ın milli maraqlarına uyğun olan ən qətiyyətli qərarı qəbul edəcək".