Çinli iş qadını Alice Huangın Çin kəşfiyyatının əməkdaşı ilə bir ildən çox əlaqə saxladığı iddia olunur. “The New York Times”ın məlumatına görə, o, Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşı ilə 2025-ci ilin yazından 2026-cı ilin payızınadək əlaqədə olub. Qəzet bu məlumatı qarşılaşmaları əks etdirən kəşfiyyat sənədləri ilə tanış şəxslərə istinadən yayıb.
Alice Huang daha əvvəl Sinqapurda yerləşən, “Nvidia”nın iri müştərilərindən olan “Megaspeed International” şirkətinə rəhbərlik edib. Şirkət vaxtilə çip satışlarında milyardlarla dollar paya sahib olub.
ABŞ rəsmiləri 2024-cü ildən şirkətin qabaqcıl “Nvidia” süni intellekt çiplərini qaçaqmalçılıq yolu ilə Çinə çatdırmış ola biləcəyi şübhəsi ilə araşdırma aparırlar.
Alice Huangla bağlı araşdırma davam edir
“AnewZ”in məlumatına görə, ABŞ rəsmiləri Alice Huangın Çin casusu kimi fəaliyyət göstərdüyünə dair təsdiqlənmiş sübut olmadığını dəfələrlə vurğulayıblar. ABŞ-ın baş prokuroru Todd Blanche bu ayın əvvəlində Ədliyyə Nazirliyinin məsələ ilə bağlı yekun nəticəyə gəlmədiyini deyib.
Milli Kəşfiyyat direktoru Jay Clayton da bazar günü araşdırmanın davam etdiyini təsdiqləyib. O, CNN telekanalının “State of the Union” proqramında bildirib: “Baş prokuror Blanche çox aydın şəkildə deyib ki, həm xanım Huang, həm də onun şirkəti ilə bağlı müxtəlif məsələlər araşdırılır. Araşdırmanın nəticəsini gözləyəcəyəm”.
Jensen Huangın nümayəndəsi şərh verməkdən imtina edib. “Nvidia” və Çinin Vaşinqtondakı səfirliyi şərh sorğularına dərhal cavab verməyib. “Reuters” Alice Huangla əlaqə saxlaya bilmədiyini bildirib.
Çiplərin Çinə ixracı ilə bağlı müzakirələr
İddialar ABŞ-ın qabaqcıl çiplərin Çinə ixracına tətbiq etdiyi məhdudiyyətlər ətrafında Vaşinqtona təzyiqi yenidən artırıb. Hər iki partiyadan olan qanunvericilər Tramp administrasiyasının ABŞ-ın mürəkkəb yarımkeçirici texnologiyalarının Pekinə çatmasının qarşısını almaq üçün kifayət qədər tədbir görüb-görmədiyini sorğulayıblar.
“Nvidia”nın süni intellekt çipləri qlobal texnologiya rəqabətində mühüm yer tutur. Vaşinqton isə onların hərbi və strateji məqsədlər üçün istifadə oluna biləcəyi narahatlığı ilə Çinin qabaqcıl yarımkeçiricilərə çıxışını məhdudlaşdırmağa çalışır.
Alice Huangın Jensen Huangla olduğu iddia edilən münasibət də ABŞ siyasətçilərinin diqqətini çəkib. Luiziana ştatından respublikaçı senator John Kennedy NBC telekanalının “Meet the Press” proqramında münasibətin özünün əhəmiyyətini kiçildərək bazar günü belə deyib: “Ümid edirəm, yaxşı vaxt keçirib. Bu, Troya Helenasından bəri ən bahalı cinsi münasibət idi”.
Alice Huang Jensen Huangla olduğu iddia edilən münasibət və Çin kəşfiyyatı ilə mümkün əlaqələri barədə açıq açıqlama verməyib. “Reuters” onunla əlaqə saxlaya bilmədiyini, digər xəbər qurumlarının da şərh almaq cəhdlərinin nəticəsiz qaldığını bildirib.
Araşdırmaçılar Alice Huangın Çin casusluğu ilə əlaqəsi olub-olmadığını hələ müəyyən etməyiblər. İş ABŞ-ın strateji rəqiblərdən kritik texnologiyaları qorumaq imkanları barədə müzakirələri gücləndirə bilər.