ABŞ Çinə çip satışları ilə bağlı “Nvidia”dan izahat istəyir. Maliyyə naziri Skott Bessent noyabrın 22-də bildirib ki, şirkətdə uyğunluğa kimin cavabdeh olduğunu və satışlardan biznesin hansı səviyyəsində xəbərdar olduqlarını müəyyənləşdirəcəklər. AnewZ-in məlumatına görə, Bessent bu barədə CBS telekanalının “Face the Nation” proqramında danışıb.
O deyib ki, müvəqqəti rəhbərlik, şirkətin aparıcı direktorları və hüquqşünasları ilə əlaqə saxlayıblar və suallara cavab gözləyirlər. Bessent “Nvidia”nın bu məsələni tez araşdırmasının vacib olduğunu, şirkətdəki iş mədəniyyətini anlamaq istədiklərini vurğulayıb.
Uyğunluğa kimin cavabdeh olduğu araşdırılır
Bessentin sözlərinə görə, şirkətin idarə heyəti baş verənləri müəyyənləşdirmək üçün işləyir və o, idarə heyətinin əhatəli cavablar təqdim edəcəyinə əmindir. Nazir uyğunluğa kimin cavabdeh olduğunu və məsələ barədə şirkətin aşağı, orta, yoxsa ən yüksək rəhbərlik səviyyəsinin məlumatlı olduğunu araşdıracaqlarını bildirib.
ABŞ Prezidenti Donald Tramp cümə günü Huanqın üzr istəyərək “Nvidia”ya qayıtmasını görmək istədiyini deyib. Bessent bu fikirlə razı olub-olmadığı barədə suala cavabında əvvəlcə məsuliyyətin kimdə olduğunu müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac duyulduğunu söyləyib.
“Nvidia”nın idarə heyətinin sədri Harvi Cons isə heyətin Huanqı yenidən işə götürməyəcəyini bildirib.
Huanq noyabrın 12-də istefa verib
“Nvidia”nın həmtəsisçisi və keçmiş baş icraçı direktoru Censen Huanq noyabrın 12-də dərhal qüvvəyə minməklə istefa verib. Şirkətin maliyyə direktoru Kolet Kress baş icraçı direktor vəzifəsini müvəqqəti icra etmək üçün təyin olunub.
Huanqın ABŞ kəşfiyyatının Çin adından casusluq etdiyindən şübhələndiyi qadınla münasibəti, eləcə də şirkət rəhbərlərindən biri ilə nikahdankənar münasibəti barədə xəbərlər ABŞ tənzimləyici qurumlarının və Federal Təhqiqat Bürosunun araşdırmalarına səbəb olub. Konqresdə də müzakirələr aparılıb, şirkət daxili araşdırma başladıb və investorlar tərəfindən qrup iddiası qaldırılması təklif olunub.
Çin casusluq iddialarını rədd edərək onları “əsassız fərziyyə” adlandırıb.
Huanqın istefasından bir neçə gün sonra Tramp administrasiyası “Nvidia” kimi şirkətlərin istehsal etdiyi qabaqcıl süni intellekt çiplərinə Çinin çıxışını daha da məhdudlaşdıran qayda tətbiq edib. Bu addım Trampın Çin Prezidenti Si Cinpinlə danışıqlar aparmaq üçün ötən həftə Çinə səfərindən əvvəl atılıb.