AnewZ-nin məlumatına görə, Fransanın 2027-ci il prezident seçkilərində “Tabe Olmayan Fransa” (LFI) partiyasının namizədi Jan-Lük Melanşon İsraili Qəzza zolağındakı Kamal Advan xəstəxanasının direktoru Hussam Əbu Səfiyyəni azad etməyə çağırıb.
“Fələstinli həkim Hussam Əbu Səfiyyəni xilas etməliyik”, – Melanşon “X” sosial şəbəkəsində yazıb. O, həkimin azad olunmasını tələb edən “Amnesty International” petisiyasına keçid paylaşıb.
Melanşon Fransa Milli Assambleyasında LFI qrupuna rəhbərlik edən Matild Panotla birlikdə yayımladığı video müraciətdə bildirib ki, İsrail hakimiyyəti Əbu Səfiyyəni ittiham irəli sürmədən, qanunsuz şəkildə, təxminən iki ildir saxlayır.
Melanşonun sözlərinə görə, Əbu Səfiyyə həbs olunduğu günədək xəstəxanada qalıb və pasiyentlərini tərk etməkdən imtina edib. O, həkimi müdafiə etməyin bütün həkimləri müdafiə etmək mənasına gəldiyini deyib.
İsrail daha əvvəl Melanşon və Panotun ölkəyə girişinə qadağa qoyub, onları İsrailə qarşı “son dərəcə düşmən mövqe” tutmaqda ittiham edib.
Həkimin saxlanma müddəti uzadılıb
İsrail qüvvələri 2024-cü il dekabrın 27-də Qəzza zolağının şimalındakı Kamal Advan xəstəxanasına basqın zamanı Əbu Səfiyyəni və bir neçə nəfəri saxlayıb. Həbsindən əvvəl çəkilən görüntülərdə onun ağ xalatda, dağıntıların arasından keçərək İsrail tanklarına doğru təkbaşına getdiyi əks olunub.
Noyabrın 18-də İsrailin Beer-Şeva rayon məhkəməsi onun saxlanma müddətini daha altı ay uzadıb. Məhkəmə vəkilinin azadlığa buraxılma barədə müraciətini rədd edərək həkimin “İsrail dövləti üçün təhlükə yaratdığı” qənaətinə gəlib.
Məhkəmə aprelin 28-də də İsrailin Qanunsuz Döyüşçülər haqqında qanununa əsasən, ona ittiham irəli sürülmədən saxlanma müddətini uzatmışdı.
Həkimin səhhəti ilə bağlı narahatlıq
Hüquq müdafiə təşkilatları və onun vəkilləri dəfələrlə Əbu Səfiyyənin səhhəti və saxlanma şəraiti ilə bağlı narahatlıq ifadə ediblər. “İsrail İnsan Hüquqları üzrə Həkimlər” təşkilatı bildirib ki, son uzadılma həkimin səhhətinin pisləşdiyi barədə xəbərdarlıqlara baxmayaraq həyata keçirilib.