Husiləri Səudiyyə Ərəbistanının ərazisinə altı zərbə endirdiklərini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Husilərin hərbi nümayəndəsi Yəhya Səriya hücumların Səudiyyə Ərəbistanının hava limanlarını və neft emalı zavodlarını hədəf aldığını bildirib.
Onun oktyabrın 29-da axşam saatlarında yaydığı bəyanata görə, ilk hücum Ras-Tanura şəhərində yerləşən neft emalı zavoduna ballistik raketlə həyata keçirilib. Səriya zərbənin hədəfə dəqiq çatdığını iddia edib.
Husilərin nümayəndəsi hücumların həmçinin Abkayqdakı "Saudi Aramco" şirkətinin obyektinə, paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına, Rabig şəhərindəki neft emalı zavoduna, eləcə də Nəcran bölgəsində Səudiyyə qoşunlarının toplanma məntəqəsinə yönəldiyini bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində hərbçilər arasında ölənlər və yaralananlar olub.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Türki əl-Maliki hava hücumundan müdafiə qüvvələrinin Məkkə istiqamətində buraxılan husilərə məxsus pilotsuz uçuş aparatını ələ keçirərək məhv etdiyini açıqlayıb. Husilərin nümayəndəsi isə bu gün "X" platformasında yaydığı açıqlamada isə bu ittihamı təkzib edib.
Məlumat üçün bildirək ki, sentyabr ayından etibarən Yəməndə husilərlə hökumət qüvvələri arasında şiddətli toqquşmalar davam edir. Husilər beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyən və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qarşı da hücumlar həyata keçirirlər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, sentyabr ayında münaqişənin kəskinləşməsindən bəri Yəməndə 1 677 nəfər həlak olub, 7 395 nəfər isə yaralanıb.