Böyük Britaniyanın Baş naziri Endi Bernam ABŞ-nin Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı debüt çıxışı zamanı ölkəsinin beynəlxalq aləmdəki mövqeyi, təhlükəsizlik, süni intellekt və Yaxın Şərq böhranı ilə bağlı mühüm bəyanatlarla çıxış edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Britaniya Hökumətinin rəsmi portalı və xarici media qurumları məlumat yayıb.
Hökumət başçısı ölkəsinin Avropa İttifaqından ayrılmasının (Brexit) yaratdığı çətinliklərlə 10 ildir mübarizə apardığını qeyd edərək, Birləşmiş Krallığın yenidən sabitlik və dinamizm yoluna qədəm qoyduğunu bildirib.
“Britaniya geri qayıdıb. Sabitliyimizi bərpa edirik. Daha dinamik iqtisadiyyat qururuq”, – deyə Baş nazir vurğulayıb. O, həmçinin artan yaşayış xərclərindən yeni texnologiyaların inteqrasiyasına qədər müxtəlif sahələrdə vətəndaşların rifahını yaxşılaşdırmaq üçün həlledici addımların atılacağını bildirib.
Baş nazir dövlətlərin gücünün yalnız hərbi imkanlarla deyil, cəmiyyətdəki daxili birlik və bağlarla ölçüldüyünü deyib. Bernam Rusiyanın hər il manipulyasiya və dezinformasiya kampaniyalarına 1,3 milyard funt sterlinq xərclədiyini iddia edərək, bu fəaliyyətlərin cəmiyyətdə qorxu və parçalanma yaratmağa yönəldiyini diqqətə çatdırıb.
“Müdafiəyə investisiya yatırmağa davam edəcək, NATO-nu və Avropanın imkanlarını gücləndirmək vədimizə sadiq qalacağıq. Lakin Rusiyanın gərginliyi artırmaq oyununa qoşulmayacağıq. Rusiyadan fərqli olaraq, biz qarşıdurma axtarmırıq”, – deyə Bernam bəyan edib.
Rəqəmsal təhdidlərə toxunan Baş nazir süni intellekt texnologiyalarının kibertəhdidləri artırmaq potensialına diqqət çəkib. Dezinformasiya risklərinə qarşı effektiv mübarizə aparmaq məqsədilə Milli İnformasiya Müdafiə Mərkəzinin yaradılmasına dair göstəriş verdiyini açıqlayıb. O, süni intellekt üzrə qərarların məhz democratik seçilmiş hökumətlər tərəfindən qəbul edilməli olduğunu vurğulayıb. Bernam gələn il Britaniyanın ev sahibliyi edəcəyi G20 sammitinin ana mövzularından birinin məhz süni intellekt olacağını bəyan edib.
Yaxın Şərqdəki böhrana da geniş yer ayıran Baş nazir, Britaniyanın bu regiondakı xarici siyasətində “yenilənmə” həyata keçirdiyini diqqətə çatdırıb. O, 2023-cü il 7 oktyabr hadisələrinin İsrailin Qəzza və İordan çayının qərb sahilindəki mülki insanlara qarşı fəaliyyətlərinə bəraət qazandıra bilməyəcəyini vurğulayıb.
“Uşaqlar da daxil olmaqla çox sayda insan həlak olub. Bölgəyə çox az yardım daxil ola bilir. Bu vəziyyət artıq çox uzun müddətdir davam edir. Dəhşətli əzablar artır və hər iki xalq üçün ən yaxşı həll olan iki dövlətli həll vizyonu hücum altındadır. Biz susa bilmərik”, – deyə Baş nazir bildirib.
İordan çayının qərb sahilində qanunsuz yaşayış məntəqələrinin salınmasını tənqid edən Bernam, bu ərazilərlə ticarətə qadağa qoyulduğunu və işğalın qanunsuz elan edildiyini xatırladıb. O, İsrail və Fələstin xalqlarının sülh, təhlükəsizlik və yan-yana iki müstəqil dövlət şəraitində yaşamasının vacibliyini bir daha diqqətə çatdırıb.