Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında oktyabrın 27-də qadınların mübarizəsi başlayır. Azərbaycanı yarışda Jalə Əliyeva, Birgül Soltanova və Ruzanna Məmmədova təmsil edəcək. Əliyeva və Soltanova ilk gündən mübarizəyə qoşulacaqlar.
İlk yarış günü
57 kq çəki dərəcəsində çıxış edən Jalə Əliyeva təsnifat mərhələsində Macarıstan təmsilçisi Tamara Dollakla qarşılaşacaq. Hər iki güləşçi Avropa çempionatlarının bürünc mükafatçısıdır. Əliyeva bu nəticəyə cari ildə, Dollak isə 2022-ci ildə nail olub.
65 kq-da səkkizinci nömrə altında yer alan Birgül Soltanova təsnifat mərhələsini buraxaraq səkkizdəbir finaldan başlayacaq. Onun rəqibi ilkin görüşün nəticəsinə əsasən müəyyənləşəcək. Soltanova dörddəbir finala yüksələrsə, dünya reytinqinin lideri, birinci nömrə altında yarışan rusiyalı Alina Kasabiyeva ilə qarşılaşa bilər. Kasabiyeva əvvəlcə səkkizdəbir final mərhələsini keçməlidir. O, 2025-ci il dünya çempionatının gümüş mükafatçısı və 2026-cı il Avropa çempionudur.
Soltanova ilə Kasabiyeva bu ilin aprelində Tiranada keçirilən Avropa çempionatının yarımfinalında qarşılaşıblar. Həmin görüşdə rusiyalı güləşçi 11:10 hesabı ilə qalib gəlib.
Digər təmsilçimizin görüşü oktyabrın 29-da
59 kq-da yarışacaq Ruzanna Məmmədova mübarizəyə oktyabrın 29-da başlayacaq. Onun ilk rəqibi yaponiyalı Natsuki Yamaquçi olacaq. Yamaquçi bu yaxınlarda Las-Veqasda keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında bürünc medal qazanıb. Astanada qadın güləşi üzrə yarışlar oktyabrın 30-dək davam edəcək.
Azərbaycan millisinin hesabında hazırda iki qızıl medal var. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.