ABŞ Maliyyə Nazirliyi sentyabrın 10-da İranla əlaqələri olduğu ehtimal edilən İraq, Livan və Birləşmiş Ərəb Əmirliklərindəki bir sıra fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.
Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “İqtisadi təcrid” əməliyyatı çərçivəsində İrandakı rejimin terrorçu proksi qrupları vasitəsilə Yaxın Şərqdə sabitliyi pozmasına imkan verən şəbəkələrə qarşı tədbir gördüyünü açıqlayıb.
“Bugünkü tədbirlər "Kataib Hizbullah" və "Hizbullah"ı dəstəkləyən təşkilat və şəxslərə qarşı yönəlib”, - ABŞ Maliyyə Nazirliyindən bildirilib.
Sanksiya siyahısına ümumilikdə 13 nəfər daxil edilib. Onların arasında "Kataib Hizbullah" qruplaşması ilə əlaqəli İraq vətəndaşları, həmçinin "Hizbullah"la əlaqəli Livan vətəndaşları var.
Bundan əlavə, "Kataib Hizbullah"ın dörd komandiri və üzvünə, eləcə də beş şirkət və maliyyə qurumuna qarşı sanksiyalar tətbiq olunub.
ABŞ Maliyyə Nazirliyi qeyd edib ki, sanksiyalar İranın regiondakı silahlı qruplaşmalara dəstək göstərməsinə qarşı həyata keçirilən tədbirlərin bir hissəsidir.