Türkiyəli kikboksçu Yiğit Şişman İtaliyada keçirilən dünya çempionatında qızıl medal qazanıb. Sentyabrın 18-27-də təşkil olunan yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı karyerasında ilk dünya çempionluğuna yiyələnib.
Yiğit Şişman finalda israilli rəqibini 3:0 hesabı ilə məğlub edib. Bundan əvvəl Çin, Sloveniya və Özbəkistan təmsilçilərinə qalib gələn idmançı bütün görüşlərdən eyni hesabla üstün ayrılıb.
Kastamonudan olan kikboksçu bildirib ki, finalda həm dünya çempionluğu uğrunda mübarizə apardığı, həm də rəqibi israilli olduğu üçün üzərində əlavə təzyiq hiss edib. O, qələbəsindən sonra Türkiyə himninin səsləndirildiyini qeyd edib.
Yiğit Şişman dünya çempionluğunu Fələstinli uşaqlara və Fələstin xalqına həsr etdiyini söyləyib.
İdmançı 2016-cı ildə məşqlərə başlayıb. Onun muay tay üzrə Türkiyə çempionluqları, Avropa ikinciliyi və dünya üçüncülüyü də var.
Baş məşqçi Bekir Şukakidze isə qələbədən məmnun olduğunu bildirib. Gürcüstan əsilli məşqçi 19 ildir Türkiyədə yaşadığını və Türkiyə vətəndaşlığı aldığını deyib.