ABŞ Müdafiə Nazirliyi ABŞ və koalisiya qüvvələrinin İraqdakı hərbi missiyasının başa çatdığını və ölkədən çıxarılma prosesinin tamamlandığını açıqlayıb. Son hərbi qüvvələrin Ərbil aviabazasından çıxarılması ilə ABŞ-nin İraqdakı 12 illik İŞİD-lə mübarizə missiyası başa çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell bildirib.
Pentaqonun məlumatına görə, çıxarılma prosesi 2024-cü ilin sentyabrında ABŞ və İraq arasında əldə olunan razılaşma çərçivəsində həyata keçirilib. Vaşinqton və Bağdad həmin vaxt ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqdakı hərbi missiyasının mərhələli şəkildə başa çatdırılması və təhlükəsizlik əməkdaşlığının ikitərəfli münasibətlər formatına keçirilməsi barədə razılığa gəliblər.
Parnell ABŞ-nin İraqdakı hərbi iştirakı dövründə İŞİD-in təşkilatlanmış hərbi qüvvə kimi məğlub edildiyini bildirib. Onun sözlərinə görə, bundan sonra İraq təhlükəsizlik qüvvələri, o cümlədən peşmərgələr ölkənin təhlükəsizliyinin təmin edilməsində və İŞİD qalıqlarına qarşı mübarizədə əsas rolu üzərinə götürməlidir.
Pentaqon ABŞ-nin İraqa təlim və kəşfiyyat dəstəyini davam etdirəcəyini açıqlayıb. Bununla yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlığın bundan sonra daha çox ikitərəfli münasibətlər çərçivəsində davam etdiriləcəyi bildirilib.
ABŞ 2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsi məqsədilə İraqa müdaxilə edib. ABŞ qüvvələri 2011-ci ildə ölkədən çıxarılsa da, 2014-cü ildə İŞİD-lə mübarizə məqsədilə yenidən İraqa qayıdıb. 2024-cü ildə Vaşinqton və Bağdad ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqdakı hərbi missiyasının mərhələli şəkildə sona çatdırılması barədə razılığa gəliblər.
İraqlı rəsmilər sentyabrın 30-nu koalisiya qüvvələrinin ölkədən çıxarılmasının son tarixi kimi müəyyənləşdirib. ABŞ qüvvələrinin son kontingentinin də Ərbildən çıxması ilə bu proses başa çatıb.
İraqın təhlükəsizlik qüvvələri qarşıdakı mərhələdə ölkədə təhlükəsizliyin təmin edilməsinə tam məsuliyyət daşıyacaq. ABŞ isə İraqla təhlükəsizlik, təlim və kəşfiyyat sahələrində əməkdaşlığı davam etdirəcəyini bildirib.
ABŞ-nin İraqdan çıxışı iki ölkə arasında 2003-cü ildə başlayan genişmiqyaslı hərbi iştirakın yeni mərhələyə keçməsi deməkdir. "Reuters"in məlumatına görə, çıxış 23 illik ABŞ hərbi iştirakına son qoyub.