Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz yeni mövsümün Azərbaycan basketbolu üçün əhəmiyyətindən danışıb.
O bildirib ki, tarixdə ilk dəfə Azərbaycanı avrokuboklarda dörd komanda təmsil edəcək. Zeytingözün sözlərinə görə, bu amil Azərbaycan Liqasının keyfiyyətini artırmaqla yanaşı, digər klublar üçün də əlavə imkanlar yaradacaq.
“Avropada çıxış edən komandalar bəzi liqa oyunlarına daha yorğun çıxa bilərlər. Düşünürəm ki, Azərbaycan Liqası həm keyfiyyətli, həm də sürprizlərə açıq olacaq”, – deyə federasiya rəsmisi qeyd edib.
Liqa komandalarının sayı artırıla bilər
Zeytingöz Azərbaycan Liqasında səkkiz komandanın hər birinin sponsorunun olduğunu və bu mövsüm federasiyadan asılı olmayan səkkiz kollektivin mübarizə aparacağını bildirib. Onun sözlərinə görə, hazırda ölkədə liqada oynaya biləcək təxminən 100 basketbolçu var. Bu səbəbdən ikinci liqa yaradılıb.
Federasiya rəsmisi gələcəkdə I liqada komanda sayının 12 və ya 14-ə çatdırılmasının mümkün olduğunu deyib. O, bunun üçün sponsorların və oyunçu sayının artmasının vacib olduğunu vurğulayıb.
Milli komandanın növbəti rəsmi oyunu 2027-ci ildədir
Turqay Zeytingöz Azərbaycan millisinin növbəti rəsmi oyununun 2027-ci ilin iyulunda keçiriləcəyini açıqlayıb. O vaxta qədər gənc basketbolçuların inkişafının izləniləcəyini deyən federasiya rəsmisi əsas komandada daha çox gənc oyunçunun yer almasını istədiklərini bildirib.
Zeytingöz İsmayıl, Emmanuel və Murad Babayevin U-20 Avropa çempionatındakı çıxışını da müsbət qiymətləndirib.