Keçmiş “Mançester Yunayted” və İrlandiya yığmasının futbolçusu Roy Kin İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı “Mançester Siti”nin təqsirli bilinməsini şərh edib.
Kin bildirib ki, “Mançester Siti” futbolçusu olsaydı, qazandığı medalları zibil qutusuna atardı: “Onlar bunun bir çox insana ciddi zərbə vuracağını bilirdilər, amma yenə də belə etdilər. Futbolçu olsaydım, medalları 100 faiz zibil qutusuna atardım. Başqa necə ola bilər? Bu, fırıldaqçılıqdır”.
Keçmiş yarımmüdafiəçinin sözlərini “Daily Mail” yayıb.
Roy Kin əlavə edib ki, “Mançester Siti” meydanda qələbələr qazanarkən pərdəarxasında maliyyə pozuntuları baş verib.
Xatırladaq ki, ötən həftə “Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların demək olar ki, hamısı üzrə təqsirli bilinib. Yalnız bir ittiham təsdiqlənməyib.
Premyer Liqa 2023-cü ilin fevralında klubu 2009-2018-ci illər arasında maliyyə qaydalarını 115 dəfə pozmaqda ittiham edib. Daha sonra “The Times” qəzetində pozuntuların sayının 115 deyil, 130 olduğu bildirilib. Buna səbəb ittihamlar elan edilərkən bəzi qaydalarla bağlı yaranan qarışıqlıq olub.