ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə dair ilk rəsmi paylaşımında səsvermə bülletenində adının olmadığını xüsusi vurğulayıb. Dövlət başçısı bildirib ki, şəxsən namizəd olsaydı, seçkilərdə böyük fərqlə qələbə qazanardılar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Trampın ara seçkilərdə şəxsən dəstəklədiyi bir çox namizəd ciddi müqavimətlə qarşılaşıb və onların əksəriyyəti mandat qazana bilməyib.
Ağ Ev rəsmiləri məğlubiyyətə görə prezidentin deyil, namizədlərin özlərinin məsuliyyət daşıdığını bəyan ediblər. Adı açıqlanmayan Ağ Ev rəsmisi Trampın namizədləri tanıtmaqda onların özlərindən daha fəal və uğurlu kampaniya apardığını bildirib.
"The New York Times" qəzetinə müsahibəsində seçki nəticələrini dəyərləndirən Donald Tramp Demokratlar Partiyasının öndə olduğu mənzərəni qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb: "Onlarla işləməyi səbirsizliklə gözləyirəm. Yəqin ki, birlikdə işləmək üçün bir yol tapacağıq".
"Associated Press" (AP) agentliyinin qeyri-rəsmi nəticələrinə əsasən, bəzi ştatlarda səslərin sayılması prosesi davam edərkən Nümayəndələr Palatasında Demokratlar 103, Respublikaçılar isə 61 mandat qazanıblar.
Demokratların Nümayəndələr Palatasındakı azlıq lideri Hakim Ceffris və konqresmen Aleksandriya Okasio-Kortes (AOC) öz yerlərini qoruyublar. Həmçinin respublikaçıların nəzarətində olan 2 mandat da demokratların xeyrinə dəyişib.
Qeyd edək ki, Nümayəndələr Palatasında çoxluğu təmin etmək üçün ən azı 218 mandat tələb olunur. Seçkilərdə aşağı palatanın 435 yerinin tamamı və Senatın 100 yerindən 35-i uğrunda mübarizə aparılır.