FIDE 1 oktyabr 2026-cı il tarixinə olan dünya şahmatçıları reytinqini yeniləyib. Azərbaycanlı qrossmeysterlər Aydın Süleymanlı və Məhəmməd Muradlı sıralamada şəxsi rekordlarını müəyyənləşdiriblər.
Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişilərdən ibarət yığmasının beşinci yeri tutmasına töhfə verən Süleymanlı ötən ayla müqayisədə 15 xal qazanıb. O, 2679 xalla 49-cu pillədən 41-ci yerə yüksəlib. 2700 reytinq həddinə çatmaq üçün şahmatçıya 21 xal lazımdır.
Muradlı hesabat dövründə reytinqinə 9 xal əlavə edib. 2662 xalla o, 64-cü yerdən 53-cü pilləyə qalxıb. Bu nəticə də şahmatçının karyerasında ən yüksək göstəricidir.
Azərbaycan şahmatçılarının mövqeləri
Azərbaycan şahmatçıları arasında ən yüksək mövqedə Şəhriyar Məmmədyarov qərarlaşıb. Olimpiadadan sonra reytinqində 10 xal itirən qrossmeyster 2710 xalla 29-cu yerdədir. Teymur Rəcəbov 2689 xalla 38-ci, Rauf Məmmədov isə 2632 xalla 89-cudur.
Qadınların reytinqində Ülviyyə Fətəliyeva 2395 xalla 43-cü pillədən 55-ci yerə enib və “2400” klubunu tərk edib. Gövhər Beydullayeva 2392 xalla 57-ci, Xanım Balacayeva 2357 xalla 83-cü, Günay Məmmədzadə isə 2348 xalla 93-cü yerdədir.
Ölkələrin kişilər üzrə reytinqində Azərbaycan 2630 xalla yeddinci pillədən altıncı yerə yüksəlib. Qadınların ölkə sıralamasında isə Azərbaycan 2293 xalla 11-cidir.