Azərbaycanın böyüklərdən ibarət kişi yığması çimərlik güləşi üzrə dünya çempionatında tarixində ilk dəfə komanda hesabında qalib olub. Komanda yarışını iki qızıl və üç bürünc medalla başa vurub.
Baş məşqçi Oyan Nəzərianinin sözlərinə görə, 80 kiloqram çəki dərəcəsində Azərbaycanı iki idmançı təmsil edib və hər ikisi medal qazanıb. Güləşçilərdən biri dünya çempionu, digəri isə üçüncü olub.
“Bu nəticələr Azərbaycanda çimərlik güləşinin inkişaf etdiyini və idmançılarımızın beynəlxalq arenada rəqabət qabiliyyətinin artdığını göstərir. Əldə etdiyimiz nəticələr gələcək uğurlar üçün əlavə motivasiya verir”, – deyə mütəxəssis bildirib.
Nəzəriani mövsümün digər uğurlarını da xatırladıb. U-17 oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionu olub, Bakıda keçirilən dünya çempionatında isə İran millisi ilə eyni xal və medal göstəricisi ilə 85 xalla ikinci yeri tutub. U-17 qızlardan ibarət komanda da dünya çempionatında qızıl medal qazanıb.
Dünya Güləş Birliyi Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. O, mükafatı komandanın, Azərbaycan Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə əməyinin nəticəsi kimi qiymətləndirib.
Baş məşqçi bildirib ki, yığmanın qarşıdakı əsas hədəfi noyabrda Seneqalın Dakar şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarıdır.