Ermənistan İranla dost münasibətləri qorumaq niyyətindədir, lakin ölkənin özünün sanksiyalara məruz qalması riski yaranarsa, müvafiq qərar qəbul etməli olacaq. Bu barədə baş nazir Nikol Paşinyan Tehrana qarşı yeni məhdudiyyətləri şərh edərkən bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan Ermənistanın sanksiyalar paketini araşdırdığını və tərəfdaşları ilə açıq şəkildə müzakirələr apardığını qeyd edib. Onun sözlərinə görə, dost ölkələrlə münasibətlərin qorunması üçün mümkün olan hər şey ediləcək, amma Ermənistanın sanksiyalara məruz qalması riskinin yarandığı hədd keçilə bilməz.
Qeyd edək ki, sentyabrın 23-dən ABŞ-nin İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə xidmət göstərən hava limanları və şirkətlər ABŞ-nin dollar sistemindən kənarlaşdırıla bilər.
Bu fonda Azərbaycan, Gürcüstan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraq da daxil olmaqla bir sıra ölkələr hava limanlarını İran aviaşirkətləri üçün bağlayıb. Bununla belə, İran aviaşirkətləri Çin, Ermənistan, Rusiya və Türkiyəyə uçuşları davam etdirir.