Ermənistanın baş naziri Nikol Paşinyan modul tipli atom elektrik stansiyasının ölkənin gələcək elektrik enerjisi tələbatını ödəməyə kifayət etməyə biləcəyini ilk dəfə etiraf edib. O, bu barədə hökumətin iclasından sonra bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan bir il dörd ay əvvəl Ermənistanın elektrik enerjisi artıqlığı olan bir ölkə olduğunu, lakin hazırda elektrik enerjisi kəsiri ilə üzləşdiyini qeyd edib.
Baş nazir bildirib ki, xüsusilə süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin müraciətləri fonunda enerji tələbatı sürətlə artır və hökumət bu suallara cavab verməkdə çətinlik çəkir. Əvvəllər əlavə modul tipli stansiyalara ehtiyac olmadığını düşünən Paşinyan vəziyyətin dəyişdiyini və əsas məsələnin 10 ildən sonra ölkənin hansı həcmdə enerjiyə ehtiyac duyacağı olduğunu vurğulayıb.
Problemin həlli kimi Paşinyan 1000 MVt gücündə atom elektrik stansiyasının tikintisi ehtimalını istisna etməyib.
Qeyd edək ki, Ermənistan yeni AES-in tikintisi üçün Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya kimi tərəfdaşların təkliflərini nəzərdən keçirir. 2026-cı ilin fevralında Ermənistan və ABŞ mülki nüvə enerjisi sahəsində “123 sazişi” üzrə danışıqları başa çatdırıb. Həmin vaxt İrəvanda olan ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkəsinin bu sahəyə 9 milyard dollar investisiya yatırmağa və kiçik modul reaktor texnologiyaları təqdim etməyə hazır olduğunu bəyan edib.
Mənbələrin verdiyi məlumata görə, Rusiyanın “Rosatom” dövlət korporasiyası da İrəvana müxtəlif variantlar, o cümlədən 200 və 600 MVt gücündə reaktorlar təklif edib. Sentyabrın 29-da “Rosatom” rəhbəri Aleksey Lixaçov Ermənistan hökumətinə ən azı 1 QVt gücündə enerji blokunun tikintisi ilə bağlı konkret təklif təqdim edildiyini açıqlayıb.