Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi şəhərində dəniz dronlarının hücumu nəticəsində səkkiz nəfər yaralanıb. Bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.
Hücum nəticəsində kurortun çimərlik infrastrukturu da qismən zərər görüb. Hadisə zamanı Soçi sahilində silah səslərinin eşidildiyi və partlayışın baş verdiyi görüntülər yayılıb. “Reuters” həmin videonun həqiqiliyini təsdiqləyib.
Ukraynanın şəhərlərinə zərbələr
Ukraynanın mərkəzində yerləşən Krivoy Roq şəhərinə Rusiya dronlarının hücumu nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Krivoy Roq Şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, hücumlar nəticəsində evlərə, biznes obyektlərinə və təhsil binalarına ziyan dəyib. Hazırda ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti ölkənin qərbində yerləşən Xmelnitski şəhərinə də dron zərbəsinin endirildiyini açıqlayıb.