Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının IX turunda keçiriləcək “Sabah” – “Qarabağ” matçı ilə bağlı fikirlərini bölüşüb.
60 yaşlı mütəxəssis qarşılaşmanı çempionluq mübarizəsində mühüm görüşlərdən biri kimi qiymətləndirib. Diniyev bildirib ki, qalib tərəf müəyyən üstünlük əldə edə bilər və hər iki komandanı oyuna əlavə motivasiya etməyə ehtiyac yoxdur.
“Bu, 6 xallıq matçdır. Hər iki kollektiv hücum futboluna üstünlük verir. Gərgin və intriqalı, qollarla yadda qalacaq görüş gözləyirəm”, – deyə Diniyev qeyd edib.
O, indiki formaya əsasən “Sabah”ı bir pillə öndə gördüyünü, lakin “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışlarının yorğunluğa səbəb ola biləcəyini söyləyib. Diniyevin sözlərinə görə, “Qarabağ” hələ oyun üslubunu tapmayıb, heyətə çoxsaylı yeni futbolçuların qoşulması isə uyğunlaşma üçün vaxt tələb edir. Bununla belə, o, heç bir amilin matçın tempini aşağı salacağını düşünmür və azarkeşlərin çoxluğunun görüşə xüsusi ab-hava qatacağını bildirib.
“Sabah” – “Qarabağ” oyunu oktyabrın 25-də saat 18:00-da başlayacaq.