Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkənin 20 regionu üzərində 1 214 ədəd Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Moskva meri Sergey Sobyanin Moskva vilayəti istiqamətində 613 pilotsuz uçuş aparatının buraxıldığını bildirib.
Sobyaninin sözlərinə görə, onların əksəriyyəti paytaxtdan uzaqda, 200-dən çoxu isə Moskvaya yaxınlaşarkən məhv edilib.
Rusiya regionlarının rəsmilərinin məlumatına əsasən, Başqırdıstanın Sterlitamak şəhərində bir müəssisəyə ziyan dəyib. Ryazan vilayətində isə PUA hücumu nəticəsində müəssisələrdən birində yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
Kaluqa vilayətinin qubernatoru isə 170 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi həmçinin Qara dənizdə Odessaya hərbi yük və ikili təyinatlı məhsullar daşıyan gəmiyə zərbə endirildiyini açıqlayıb.
Ukrayna tərəfi isə Rusiya ordusunun Kiyev və ölkənin bir sıra digər regionları istiqamətində zərbələr endirdiyini bildirib.