İsrail Baş naziri Binyamin Netanyahunun işğal altındakı Suriya ərazisində yerləşən Şeyx dağına (Cəbəl əş-Şeyx) daxil olması Suriya və İordaniyanın etirazına səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hər iki ölkə Netanyahunun bu addımını Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
Suriya Xarici İşlər Nazirliyi Netanyahunun işğal altındakı Suriya torpaqlarına girişini “təxribat xarakterli addım” adlandırıb.
Nazirlik bildirib ki, bu səfər Suriyanın suverenliyi və ərazi bütövlüyünün, eləcə də beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Açıqlamada İsrailin Suriya ərazisinə hücum və pozuntularını davam etdirməsi regionun təhlükəsizliyi və sabitliyi üçün “təhlükəli eskalasiya” kimi qiymətləndirilib.
İordaniya Xarici İşlər Nazirliyi də Netanyahunun Şeyx dağına girişini pisləyib və bunu “qəbuledilməz təxribat” adlandırıb.
Əmman bu addımın Suriyanın suverenliyinin və ərazi bütövlüyünün pozulması olduğunu bildirib və İsraili Suriyanın təhlükəsizliyi və sabitliyinə qarşı fəaliyyətini dayandırmağa çağırıb.
İordaniya həmçinin beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı fəaliyyətlərinin dayandırılması və Suriya ərazisinin bir hissəsindəki işğala son qoyulması üçün tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, Şeyx dağı Quneytra vilayətində, Qolan təpələri yaxınlığında yerləşir. Strateji mövqeyinə görə dağ hərbi və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
Ərazinin bəzi hissələri İsrailin nəzarətindədir. Şeyx dağı 1967-ci ildən İsrailin işğalında olan Qolan təpələri bölgəsində yerləşir.