Çin Sədri Si Cinpin oktyabrın 27-dən 31-dək Çində dövlət səfərində olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Pekində qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Çin dövlət mediası Si Cinpin və Ştaynmayer arasında keçirilən danışıqlar barədə məlumat yayıb, lakin görüşün təfərrüatlarını açıqlamayıb.
Ştaynmayerin səfərinin əsas məqsədi Çinlə ticarət mübahisələrinin həlli istiqamətində razılığa gəlməkdir. Səfər çərçivəsində Almaniya Prezidenti iki ölkə arasındakı münasibətlərdə qarşılıqlı fayda prinsipinin qorunmasına çağırıb.
Çinin Baş naziri Li Tsyanla görüşündə Ştaynmayer Almaniya ilə Çin arasında ticarət kəsirinin artmasına diqqət çəkib. Onun sözlərinə görə, bu göstərici təxminən 90 milyard avroya çatıb.
Əsasən təmsilçilik xarakteri daşıyan səlahiyyətlərə malik Almaniya Prezidenti Berlinin ticarət məsələlərinin həlli istiqamətində Çinlə əməkdaşlıq etmək istədiyini vurğulayıb.