İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən iki neft tankeri ilə bağlı rəsmi bəyanat yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Açıqlamaya görə, tankerlərdən biri boğazın şərqində, digəri isə qərb hissəsində Tehrandan icazə alınmamış marşrutla hərəkət etməyə çalışarkən saxlanılıb.
İran tərəfi iddia edib ki, gəmilər ABŞ ordusunun dəstəyi ilə naviqasiya sistemlərini söndürərək qeyri-qanuni cənub marşrutundan istifadə etmək istəyiblər. Xəbərdarlıqlara məhəl qoymayan gəmilərdə baş vermiş insident nəticəsində yanğın başladığı bildirilir. SEPAH yanğının məhz İran tərəfinin müəyyənləşdirdiyi dənizçilik qaydalarına riayət olunmaması səbəbindən baş verdiyini bəyan edib.
Qeyd edək ki, son zamanlar Hörmüz boğazının cənub hissəsindən keçməyə çalışan bir sıra xarici gəmilərdə vaxtaşırı oxşar partlayış və yanğın hadisələri qeydə alınır.