ABŞ administrasiyası Çin Xalq Respublikası ilə süni intellekt (AI) texnologiyalarının yarada biləcəyi ortaq təhlükəsizlik risklərini və rəqəmsal ekosistemlərin tamamilə ayrılması (decoupling) təhlükəsini müzakirə etməyə açıq olduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent “Axios” nəşrinə müsahibəsində məlumat verib.
Məlumata görə, Skott Bessent Nyu-Yorkda Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini He Lifenglə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşlər öncəsi çıxış edib. Nazir ABŞ-nin süni intellekt sahəsində qlobal lider mövqeyini qoruyub saxladığını vurğulayaraq, texnoloji sistemlərin bir-birindən kəskin ayrılmasının qarşısını almaq və ortaq riskləri neytrallaşdırmaq üçün Pekinlə dialoqa hazır olduqlarını bildirib.
Müzakirələrin gündəliyinə həm açıq mənbəli (open-source), həm də qapalı süni intellekt modellərinin təhlükəsizlik standartları daxil edilib. ABŞ Ticarət nümayəndəsi Ceymison Qreerin də qatılacağı və bir neçə gün davam etməsi gözlənilən Nyu-York danışıqlarında süni intellektlə yanaşı, ikitərəfli ticarət əlaqələri, kritik / nadir torpaq elementlərinin tədarük zənciri və digər strateji iqtisadi məsələlər nəzərdən keçiriləcək.