Avropa İttifaqı (Aİ) Avropa ilə Mərkəzi Asiya arasında təhlükəsiz rəqəmsal əlaqələri yaxşılaşdırmaq üçün yeni təşəbbüsə başlayıb. Bu məqsədlə Moldovanın Kişinyov şəhərində Rəqəmsal sahə üzrə Yüksək Səviyyəli Əlaqəlilik Platformasının ilk iclası keçirilib.
AnewZ-in məlumatına görə, noyabrın 9-da baş tutan görüş Avropa Komissiyası və Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. İclasda Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos, Moldovanın baş naziri Vasile Tofan, eləcə də rəqəmsallaşma nazirləri və Aİ ölkələri, Qara dəniz regionu, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyadan nümayəndələr iştirak ediblər. Moldova mediasının yazdığına görə, prezident Maya Sandu da görüşə qatılıb.
Avropa Komissiyası bildirib ki, tərəfdaş ölkələr, şirkətlər və maliyyə qurumları ilə imzalanacaq anlaşma memorandumu investisiya və texniki yardım üçün 623 milyon avroyadək vəsait səfərbər edəcək. Maliyyə 5G şəbəkələri, peyk bağlantısı, süni intellekt və məlumat mərkəzlərinə yönəldiləcək.
Moldovanın “Ziarul Național” nəşrinin məlumatına görə, görüşdə ölkələrlə 10 niyyət bəyannaməsi imzalanıb. Avropa Komissiyası və Moldova, həmçinin ölkənin 30 bölgəsində pulsuz Wi-Fi təmin etməyi nəzərdə tutan WiFi4Moldova proqramını elan ediblər.
Aİ ticarət marşrutlarını şaxələndirmək istəyir
Aİ planı Avropa texnologiyalarına, standartlarına və maliyyələşməsinə əsaslanan “təhlükəsiz bağlantı təklifi” kimi təqdim edir. Təşəbbüs Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqazla, daha sonra isə Türkiyə və Qara dəniz vasitəsilə Avropa bazarları ilə birləşdirəcək Orta Dəhlizi dəstəkləmək məqsədi daşıyır.
Aİ 2030-cu ilədək ticarət marşrutlarını şaxələndirməyi, ticarət axınlarını üç dəfə artırmağı və yük daşımalarının tranzit müddətini azaltmağı hədəfləyir.
Rəqəmsal sahə üzrə görüş Aİ-nin Əlaqəlilik Gündəliyi Platformasının tərkib hissəsidir. İyun ayında Brüsseldə yaradılan platforma Mərkəzi Asiya, Cənubi Qafqaz, Qara dəniz regionu və Aİ üzrə investisiya və siyasət tədbirlərinin əlaqələndirilməsi üçün nəzərdə tutulub.
Marta Kos həmin vaxt Transxəzər marşrutunu etibarlı ticarət dəhlizi adlandırıb və bu marşrut üzrə ticarətin 15 il ərzində beş dəfə arta biləcəyini bildirib.
Gündəliy Aİ-nin “Global Gateway” investisiya strategiyasının bir hissəsidir və 2025-ci ilin oktyabrında keçirilən təhlükəsizlik və əlaqəlilik üzrə nazirlər görüşündən sonra hazırlanıb.
Platformanın enerji mövzusunda növbəti iclasının 2027-ci ildə keçirilməsi planlaşdırılır. Regional təhlükəsizlik və əlaqəlilik üzrə ikinci nazirlər görüşü isə noyabrın 16-da Brüsseldə baş tutmalıdır.