Ukraynanın pilotsuz uçuş aparatları ilə Moskvaya hücumu son iki ilin ən irimiqyaslı hücumlarından biri olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı TASS Moskva meri Sergey Sobyaninin rəsmi açıqlamaları əsasında apardığı hesablamalara istinadən məlumat yayıb.
Məlumata görə, oktyabrın 29-u axşam saatlarından oktyabrın 30-u səhər saat 07:30-dək Moskva vilayəti istiqamətində ümumilikdə 862 pilotsuz uçuş aparatı buraxılıb.
"Onların böyük əksəriyyəti Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafələrdə məhv edilib. 170 pilotsuz uçuş aparatı isə Moskvaya yaxınlaşarkən zərərsizləşdirilib", - Sobyanin bildirib.
"Rosaviasiya" Moskva vilayətinin hava limanlarında 66 uçuşun və 33 enişin iki saatdan çox gecikdiyini açıqlayıb.
Bryansk vilayətinin qubernatorunun sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər həlak olub.
Rusiya da öz növbəsində Ukrayna ərazisinə zərbələr endirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, oktyabrın 30-na keçən gecə Rusiya qüvvələri ölkəyə raketlər və "Shahed" tipli 113 zərbə PUA-sı ilə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiya dronlarının əksəriyyətini məhv etməyə nail olub.
Hücumların əsas hədəfləri Kiyev, Poltava və Dnepropetrovsk vilayətləri olub. Zərbələr nəticəsində Kiyevdə bir nəfər həlak olub.
Xarkov meri şəhərdəki ticarət mərkəzlərindən birində yanğın baş verdiyini bildirib. Hadisə nəticəsində iki nəfər yaralanıb.
Oktyabrın 29-da Dnepr şəhərindəki dəmiryol vağzalına hücum nəticəsində həlak olanların sayı 15-ə çatıb.
Bununla əlaqədar Dnepropetrovsk vilayətində noyabrın 30-u matəm günü elan edilib.