Türkiyə də daxil olmaqla 11 ölkənin xarici işlər naziri İsrailin Suriyanın şimal-qərbində yerləşən “Əbu Zuhur” hərbi hava bazasına endirdiyi aviazərbələri kəskin şəkildə pisləyib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, nazirlərin yaydığı birgə bəyanatda İsrailin bu addımı “son dərəcə təhlükəli gərginləşmə” kimi qiymətləndirilib.
Birgə bəyanatda İsrailin hərəkətlərinin Suriyanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin kobud şəkildə pozulması olduğu bildirilib.
Sənədə Türkiyə, Əlcəzair, İndoneziya, Fələstin, Qətər, Livan, Malayziya, Mavritaniya, Pakistan, Somali və Səudiyyə Ərəbistanı imza atıb.
Nazirlər Suriya ərazisinin və infrastrukturunun davamlı şəkildə hədəfə alınmasından ciddi narahatlıq ifadə ediblər.
Onların sözlərinə görə, bu cür hərbi əməliyyatlar Suriyada təhlükəsizliyin bərpasına, milli institutların yenidən qurulmasına və uzunmüddətli münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasına yönəlmiş səylərə ciddi zərbə vurur.
Bəyanatda İsrailin siyasətinin regional sülh və sabitliyi təhdid etdiyi, həmçinin BMT Nizamnaməsinin prinsiplərinə hörmətsizliyi artırdığı vurğulanıb.
Nazirlər beynəlxalq ictimaiyyəti İsrailin hərbi addımlarına qarşı qətiyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırıblar.
Birgə bəyanatda bir sıra tələblər də irəli sürülüb:
- Beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində konkret tədbirlərin görülməsi;
- İsrailin hərbi pozuntularına son qoyması;
- 1974-cü il “Qüvvələrin ayrılması haqqında” sazişə tam riayət edilməsi;
- İsrail qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsi.
Nazirlər sonda Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayaraq, bu prinsiplərə zidd olan hər hansı addımı qətiyyətlə rədd etdiklərini bildiriblər.