Rusiya İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) imtina etməsinin əleyhinədir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
“Biz İranın NPT-dən çıxmasını istəməzdik”, – deyə Kremlin nümayəndəsi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov vurğulayıb ki, NPT beynəlxalq nüvə silahlarının yayılmaması rejiminin əsas sütunlarından biridir. Moskva Tehranın saziş çərçivəsində öz öhdəliklərinə sadiq qalaraq məsuliyyətli iştirakçı statusunu qoruyub saxlayacağına ümid edir.
Qeyd edək ki, bundan əvvəl İran parlamentinin birinci vitse-spikeri Əli Nikzad Tehranın ölkənin NPT-dən çıxması imkanlarını nəzərdən keçirdiyini bəyan etmişdi. Onun sözlərinə görə, deputatlar İranın müqavilədən çıxmasının mümkün beynəlxalq və siyasi nəticələrini geniş şəkildə qiymətləndirməyi planlaşdırırlar.