Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə Liviyanın şərq parlamenti arasında dəniz sərhədləri barədə sazişi “açıq-aşkar qanunsuz, etibarsız və qüvvəsiz” adlandırıb.
Mitsotakis bu fikirləri Yunanıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyinin başa çatması ərəfəsində “Reuters”ə müsahibəsində səsləndirib. O, Qara dənizdə gəmiçiliyin qorunması üçün təcili beynəlxalq atəşkəsə çağırıb. Bu bəyanat Yunanıstana məxsus konteyner gəmisinin həmin dənizdə batırılmasından bir gün sonra verilib.
Liviya parlamentinin şərq qanadı Türkiyə ilə dəniz sazişini ötən həftə təsdiqləyib. Sənəd ilk dəfə 2019-cu ildə imzalanıb.
Sazişin təsdiqlənməsini Yunanıstan, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri pisləyib. Onlar sənədin regional təhlükəsizliyə və beynəlxalq hüquq qaydalarına təhdid yaratdığını bildiriblər.
“Yunanıstan adaları sanki tamamilə yoxa çıxır”
“Bu, coğrafiyanı və reallığı tamamilə nəzərə almır: Yunanıstan adaları var, amma Türkiyə və Liviyanın düşüncəsində sanki tamamilə yoxa çıxırlar”, – Mitsotakis deyib.
O, iki ölkəni BMT-nin Dəniz Hüququ Konvensiyasını nəzərə almadan “fakt qarşısında qoymağa” çalışmaqda ittiham edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Aİ və digər tərəflərin sazişin təsdiqlənməsinə yönələn tənqidlərinin legitim əsası olmadığını bildirib və Ankaranın Şərqi Aralıq dənizindəki siyasətini müdafiə edib.
2019-cu il sazişindən sonra Yunanıstan Krit adası sahillərində qaz axtarışı üçün “Chevron”un rəhbərlik etdiyi konsorsiuma lisenziya verib. Afina, həmçinin iki ölkənin dəniz zonalarının sərhədlərini müəyyənləşdirmək üçün Liviya ilə öz sazişini imzalamağa çalışıb.
Mitsotakis “Bu kəşfiyyat işlərinin hər hansı şəkildə mübahisələndirilməsi riski yoxdur” deyib.
Yunanıstan və Liviyanı “təbii qonşular” adlandıran baş nazir Liviyanı Afina ilə birbaşa danışıqlara başlamağa və bu müzakirələrə “çox, çox ciddi” yanaşmağa çağırıb.
Mitsotakis “Reuters”ə müsahibəni dəniz təhlükəsizliyi ilə bağlı Təhlükəsizlik Şurası müzakirəsinə sədrlik etdikdən sonra verib. Bundan bir neçə saat əvvəl Yunanıstana məxsus konteyner gəmisi Bolqarıstan sahillərində dəniz dronlarının hücumuna məruz qaldıqdan sonra batıb. Bu, ay ərzində Qara dənizin qərbində gəmilərə qarşı törədilən hücumlar silsiləsinin sonuncusu olub.
Hücumun kim tərəfindən həyata keçirildiyi dərhal məlum olmayıb. Hadisə Rusiyanın Ukraynaya qarşı müharibəsinin bölgədə kommersiya gəmiçiliyinə təsiri ilə bağlı narahatlığı artırıb.
Yunanıstan şirkətlərinin idarə etdiyi gəmilər dünyanın ən böyük tanker donanmalarından birini təşkil edir və Qara dəniz ticarətində mühüm rol oynayır. Bolqarıstan, Gürcüstan, Rumıniya və Türkiyə, eləcə də Rusiya və Ukrayna bu dənizin sularından istifadə edir.
“Gəmiçilik azadlığına gəldikdə, hansısa beynəlxalq atəşkəsə ehtiyacımız var”, – Mitsotakis bildirib. O, bölgədən taxıl ixracının Qara dəniz vasitəsilə dünya bazarlarına çatdırılmasını “ən vacib prioritet” adlandırıb.
“Ukraynanın taxılı çürümək təhlükəsi ilə üz-üzədir”
Mitsotakis Yunanıstan gəmi sahiblərinin şərait imkan verərsə, Qara dənizə qayıtmağa hazır olduqlarını deyib.
“Təhlükəsiz keçid təmin ediləcəyi təqdirdə, Qara dənizdə, o cümlədən Ukraynadan daşımaları ilk bərpa edəcək tərəf Yunanıstan gəmi sahibləri olar”, – o söyləyib. Baş nazir fraxt və sığorta xərclərinin “kəskin artdığını” da əlavə edib.
Onun sözlərinə görə, Ukrayna maliyyə baxımından məhsullarının ixracından asılıdır: “Onlar bol məhsul əldə ediblər, amma taxıl indi anbarlarda qalıb və çürümək təhlükəsi ilə üz-üzədir”.
“Təəssüf ki, hazırda Rusiya məzmunlu müzakirələr aparmaqda maraqlı görünmür”, – Mitsotakis deyib.
“Aspides” missiyasının gücləndirilməsi çağırışı
Mitsotakis Avropa İttifaqını Qırmızı dənizdə gəmiçiliyi qoruyan “Aspides” dəniz missiyasını gücləndirməyə çağırıb. Missiya Yəməndəki İranla müttəfiq husilərin hücumlarına cavab olaraq 2024-cü ildə yaradılıb.
Husilərlə Səudiyyə Ərəbistanı arasında artan qarşıdurma neft təchizatını pozub və ABŞ ilə İsrailin İrana zərbələrindən səkkiz ay sonra daha geniş regional münaqişə riskini artırıb. Husilər bu həftə Səudiyyə hərbi təyyarələrinə hücum etdiklərini və Qırmızı dənizin mühüm gəmiçilik marşrutu olan Bab əl-Məndəb boğazı yaxınlığında Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin irəliləyişini dayandırdıqlarını bildiriblər.
“Mənim arqumentim sadədir: Avropa İttifaqının dünyanın bu hissəsində real imkanlarla konkret mövcudluğunda marağı var və “Aspides”də daha çox ölkənin iştirakına ehtiyacımız var”, – Mitsotakis deyib.
O bildirib ki, Yunanıstan, İtaliya və Fransa missiyaya “resurslar” ayırıb, lakin bu, “açıq şəkildə kifayət etmir”. “Reuters”ə danışan diplomatların sözlərinə görə, sentyabrın sonuna missiya çərçivəsində altı hərbi gəmi fəaliyyət göstərib.
“Əgər Körfəz ölkələrinə onların təhlükəsizliyinə ciddi yanaşdığımızı göstərmək, eyni zamanda Avropa ticarəti üçün son dərəcə vacib olan əsas nəqliyyat dəhlizlərini və su yollarını qorumaq istəyiriksə, dünyanın bu hissəsinə daha çox resurs göndərməyə hazır olmalıyıq”, – o bildirib.
ABŞ Prezidenti Donald Trampın bu ayın əvvəlində Rusiyadan dizel ixracına tətbiq edilən sanksiyaları ləğv etmək qərarı barədə suala Mitsotakis Yunanıstanın Moskva əleyhinə sanksiyaları dəstəkləməyə davam etdiyini söyləyib.
“Müharibəni davam etdirdikləri müddətdə konkret iqtisadi nəticələrlə üzləşəcəkləri barədə aydın siqnal vermək üçün Rusiyaya iqtisadi təzyiq göstərməli və maliyyə itkilərini artırmalıyıq”, – o deyib.